Füzuli şəhəri nəqliyyat bağlantıları baxımından çox əlverişli mövqeyə malikdir.
Teleqraf xəbər verir ki, bunu “Chapman Taylor” şirkətinin İdarə Heyətinin qrup direktoru Marcelina Zielinska WUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki, bu şəhərin böyük potensialı var: "İlk dəfə ora gedəndə gördüyümüz mənzərə belə idi - şəhər demək olar ki, tamamilə boş idi. Gələcəyin şəhəri barədə düşünərkən biz uzun, xətti təpələri gördük. Orada “çay dəhlizi” adlandırdığımız bir iz vardı. İlk gün bunun nə olduğunu bilmirdik. Sonradan əldə etdiyimiz şəkillər bizə şəhər üçün konsepsiya yaratmağa kömək etdi.
Şəhərin konsepsiyası vadilərdən, yaşıllıqdan, təpələrdən və iqlimdən ilham almışdı. Çünki ölkənin əksər hissəsindən fərqli olaraq burada daha sərin və xoş iqlim mövcuddur. Bu isə çox böyük texnoloji müdaxilələr olmadan harmonik, balanslı və dayanıqlı inkişaf üçün əlverişli şərait yaradır. Bəs biz işə necə başladıq? Dediyim kimi, əsas ilham mənbəyimiz təbiət idi. Bununla yanaşı, biz dayanıqlı, özünü təmin edə bilən və insanların yaşaya, işləyə və inkişaf edə biləcəyi bir şəhər yaratmaq istəyirdik. Planlamanı da bu prinsip əsasında etdik.
Sənaye zonalarını şəhərin cənub və şimal hissələrində yerləşdirdik ki, hava axını şəhər daxilində düzgün şəkildə hərəkət etsin. Şimalda aqroparklar, cənubda isə daha ağır sənaye sahələri yerləşdirildi.
Şəhərin mərkəzini həm coğrafi, həm də tarixi baxımdan müəyyən etdik. Əvvəlki şəhər quruluşunu geniş şəkildə araşdırdıq və keçmiş tarixi mərkəzi müəyyən etməyə çalışdıq. Tapdığımız nöqtənin keçmişdə şəhərin əsas mərkəzi olduğuna inanırıq. Daha sonra həmin ərazinin ətrafında müxtəlif yaşayış məhəllələri yaratdıq".
Marcelina Zielinskanın sözlərinə görə, xəritələşdirmə yolu ilə ərazinin necə bölüşdürülməli olduğunu göstərmək istəyirdilər ki, nəticədə dayanıqlı inkişaf üçün uyğun şəhər quruluşu yaransın: "Çünki əslində dayanıqlılıqla bağlı bir çox problemləri ən erkən mərhələdə — düzgün planlaşdırma ilə həll etmək mümkündür. Əgər şəhəri düzgün planlaşdırsaq, gələcəkdə bir çox problemlərin qarşısını ala və həqiqətən dayanıqlı bir şəhər yarada bilərik.
Bu yanaşma əslində ekoloji cəhətdən təmiz və insan yönümlü şəhər anlayışını ifadə edir. Taxtadan istifadə insanlarda daha rahat və xoş hiss yaradır və bu istiqamətdə böyük dəstək var idi. Bu material Azərbaycan üçün müəyyən mənada yenidir, lakin hündürlük fərqlərinə uyğun olaraq xüsusi taxta strategiyası hazırladıq.
Biz şəhəri müxtəlif xarakterə malik 12 zonaya böldük və hər zona üçün fərqli növ taxta materiallardan istifadə etdik. Dağlıq və yüksək ərazilərdə daha çox taxta elementlərdən istifadə olunur, mərkəzi hissələrdə isə daha daş və beton xarakterli, daha ictimai məkan hissi yaradan memarlıq üstünlük təşkil edir.
Burada şəhərin müxtəlif hissələrindən görüntülər var. Hamısını ətraflı göstərməyə vaxtımız yoxdur, amma seçilmiş bəzi görüntüləri təqdim edəcəyəm. Bu ərazi xətti təpələri və yaratdığımız yaşıl sahələri aydın şəkildə göstərir. Həmin yaşıl dəhlizlər ətraf mühitlə əlaqəni gücləndirir və düzgün mikroiqlim formalaşdırır. Mikroiqim həm insanların rifahı, həm də enerji səmərəliliyi üçün çox vacibdir.
Digər görüntüdə yüksəklikdə yerləşən bir ərazini görə bilərsiniz. Biz onu “mərkəzi yaşıl rayon” adlandırırıq. Ərazi mərkəzdə yerləşsə də, çox yaşıldır və biz burada sıx tikinti aparmaq istəmirik. Məqsədimiz həmin ərazini böyük bir park kimi qorumaqdır.
Parkın üzərində hotellər, konqres mərkəzi və taxta konstruksiyalı müxtəlif obyektlər yerləşdirilib. Həmçinin hovuzlu istirahət zonaları nəzərdə tutulub ki, insanlar burada istirahət edə və mənzərədən zövq ala bilsinlər. Biz hesab edirik ki, bu layihələr şəhərin iqtisadi inkişafına da töhfə verəcək.
Şuşanın turizm potensialı olduqca böyükdür. Ətrafdakı təbii landşaft, yürüş marşrutları, şəhərlə əlaqələndirilən yollar və tarixi ərazilər bu potensialı daha da artırır.
Bu gün qeyd etdiyimiz kimi, biz burada böyük bir piazza — yəni ictimai meydan yaratdıq. Meydanda çoxfunksiyalı mədəniyyət binası əsas element kimi çıxış edir. Bu məkan həm də yaşıl terraslarla kurort zonasına bağlanır. Meydanın mərkəzində su elementləri yerləşir, çünki su mikroiqlimin formalaşmasına, yayda sərinliyin təmin olunmasına və insanların rahatlamasına kömək edir.
Terraslardan yuxarı qalxdıqca hər tərəfin yaşıllıq olduğunu görürsünüz. Dağlıq ərazilərdə yerləşən rayonlardan birində fasadlarda daha çox taxtadan istifadə olunub və bu, bizim tövsiyə etdiyimiz yanaşmadır.
Daha aşağı və mərkəzi ərazilərdə isə daha açıq rəngli yaşayış kompleksləri nəzərdə tutulub. Burada əsasən ağ rəngli materiallar və taxta detallardan istifadə edilir. Gördüyünüz kimi, bütün layihə yaşıl və piyada yönümlüdür. Küçələr boyunca həmişə piyadalar üçün yollar mövcuddur və biz inanırıq ki, bu şəhərin dayanıqlı şəkildə inkişaf etməsi üçün sadəcə zamana ehtiyac var.
Bu, ilkin mərhələdə layihələndirdiyimiz rayonlardan biri — 5-ci rayondur. Burada təqdim etdiyimiz görüntü həmin rayon üçün hazırladığımız ilkin vizion idi. Hazırda isə layihə artıq reallaşdırılıb və insanlar burada yaşayırlar.
İndi isə Şuşadan Ağdama keçək. Gələcəkdə Qarabağın əsas mərkəzi hesab ediləcək Ağdam ən böyük şəhərdir və bizə şəhərin müəyyən hissələrinin layihələndirilməsində iştirak etmək imkanı verildi. Baş planı biz hazırlamamışıq, lakin məsələn, “3-cü rayon” adlandırdığımız yaşayış zonasını layihələndirmişik. Bu ərazi təxminən 13 hektarı əhatə edir. Soldakı şəkildə həmin ərazinin baş planını görə bilərsiniz".