"Bu böyük tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin yeni platformalar üçün dayanıqlı və etibarlı məkana çevrildiyini göstərir. Eyni zamanda tədbirin açılışında cənab Prezidentin çıxışı Azərbaycanın bütün bölgələrinin dünyaya tanıdılması istiqamətində mühüm və maraqlı bir xətt ortaya qoydu".
QHT.az xəbər verir ki, bu sözləri "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əlimməmməd Nuriyev Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.
Əlimməmməd Nuriyev bildirib ki, Qarabağda və digər bölgələrdə həyata keçirilən yeni şəhərsalma təşəbbüsləri beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsi və yerli modellərin dünyaya təqdim olunması üçün vacib platformadır:
“Hazırda Azərbaycan Qarabağda, Şuşada və digər bölgələrdə yeni şəhərsalma və məskunlaşma təşəbbüslərini həyata keçirir. Dünyada mövcud olan praktikaların — bu gün spikerlərin də toxunduğu yanaşmaların — Azərbaycana gətirilməsi, eyni zamanda Azərbaycanda formalaşan yeni şəhərsalma modellərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından da bu tədbir mühüm platformadır".
O vurğulayıb ki, şəhərsalma prosesində vətəndaş iştirakçılığının genişləndirilməsi ən vacib məsələlərdən biridir və bu sahədə Azərbaycanda hələ də müəyyən boşluqlar qalır:
“Bugünkü çıxışlarda spikerlər bir çox məsələlərə ətraflı şəkildə toxundular. Xüsusilə qeyd etmək istəyirəm ki, ən vacib məsələlərdən biri şəhərsalma prosesində vətəndaş iştirakçılığının genişləndirilməsidir. Kəndlərin və şəhərlərin salınması prosesində ictimai iştirakçılıq mütləq təmin olunmalıdır. Təəssüf ki, Azərbaycanda bu sahədə müəyyən boşluqlar hələ də mövcuddur".
Ə.Nuriyevin sözlərinə görə, şəhərlər insanlar üçün qurulduğundan vətəndaşların məsləhətləşmə prosesində iştirakı vacibdir və hər kəs özünü həmin mühitin bir parçası hesab etməlidir:
“Hesab edirəm ki, məsləhətləşmə prosesi olduqca vacibdir və qanunvericilik də bunu tələb edir. Əgər şəhərlər və kəndlər insanlar üçün yaradılırsa, o zaman vətəndaşlar niyə bu prosesin bir hissəsi olmasın? Mən dünənki çıxışımda da qeyd etmişdim ki, şəhərlər insanlar üçündür. İnsan həmin şəhərdə özünü komfortlu, rahat və təhlükəsiz hiss etməlidir. O, bu prosesin iştirakçısı olmalıdır. Onun övladı, ailəsi, yaxınları — hamısı bu prosesdə təmsil olunmalıdır. Çünki bu şəhərlər insanlar üçün qurulur".
Əlimməmməd Nuriyev bildirib ki, şəhərlərdə əsas məsələ yalnız infrastruktur deyil, insanların özünü rahat, təhlükəsiz və aid hiss etməsidir:
“Yalnız hündür binaların və geniş yolların olması kifayət deyil. Bunlar əlbəttə vacibdir. Amma əsas məsələ insanın özünü yaşadığı şəhərdə rahat, təhlükəsiz və aid hiss etməsidir. İnsan yaşadığı şəhəri özünkü hesab etməlidir. Bu baxımdan hesab edirəm ki, bu tədbir gələcək üçün mühüm töhfələr verəcəkdir".