AZ

Aynur Sofiyevadan WUF13, Azərbaycan xanımları və şahmatla bağlı MÖHTƏŞƏM AÇIQLAMALAR

Musavat.com mayın 17-dən uğurla davam edən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının iştirakçıları, ictimai-siyasi sferada məşhur olan simalarla müsahibələri davam etdirir.

Çox gənc yaşlarında Azərbaycanın şahmat tarixinə adını böyük hərflərlə yazdırmağı bacarmış beynəlxalq qrossmeyester, ikinci çağırış Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini, 2002–2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Aynur Sofiyeva suallarımızı cavablandırıb.

Mətbuata nadir hallarda açıqlamalar verən Aynur xanımla olduqca maraqlı məqamlarla zəngin olan müsahibəmizi oxucularımıza təqdim edirik:

- Aynur xanım, Ümumdünya Şəhərsalma Forumu haqqında təəssüratlarınız necədir?

- Əlbəttə, Azərbaycanda belə yüksək səviyyəli bir tədbirin keçirilməsi, ölkəmizin bu Foruma evsahibliyi etməsi Azərbaycanın inkişafının, dünyada nüfuzunun ilbəil artmasının, söz sahibi olmasının nəticəsidir və müsbət təcrübələrin təqdim edilməsi üçün gözəl bir imkandır. Şəhərsalmadan danışarkən biz hesab edirik ki, binaların tikilməsi, smart yanaşmalar hamısı çox gözəldir. Amma bunlar quru, cansız divarlardır. Onlara ruh verən sağlam ailələrdir, güclü qadınlardır və qorunmuş, təmin olunmuş uşaqlardır. Ona görə bu istiqamətdə və xüsusən də uşaqların, gənclərin bu prosesdə iştirakı, öz mövqelərini, fikirlərini ortaya qoyması çox vacibdir ki, bu mənada bizim müsbət təcrübəmiz bütün dünyada öyrənilir. Elə bizim bugünkü uşaq və gənclərlə bağlı tədbirdə də səfirlər, məclisimizin nümayəndələri çox gözəl çıxışlarla özlərini təqdim etdilər. Fəal uşaqlardan ibarət bir zəncir yaradılıb və onlar Azərbaycandakı xüsusən də öz hüquqları ilə bağlı proseslərdə birbaşa iştirak edirlər, öz mövqelərini ortaya qoyurlar. Biz də bu siyasəti həyata keçirən qurum olaraq siyasətdə, bizim getdiyimiz yolda, istiqamətdə onların fikirlərindən səmərəli istifadə edirik. Odur ki, məhz bugünkü kontekstdən yanaşılması əlbəttə, çox vacib məsələdir. Forumdan sonra da əlbəttə ki, bizim fəaliyyətimiz davam edəcək, işimiz daha da güclənəcək.

WhatsApp

- Aynur xanım, neçə gündür müşahidə edirik: yüksək səviyyəli təşkilatçılıq işinə könüllülərin fəaliyyəti əlavə rəng qatır. Çox məmnunedicidir ki, könüllülərin sırasında qızlarımız da çoxdur. Azərbaycan qızlarının, xanımlarının ümumdünya səviyyəli tədbirdə fəal iştirakı yəqin ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini kimi sizi də sevindirir, eləmi?

- Əlbəttə. Ümumiyyətlə, Prezidentimizin təqdimatı, təklifi ilə Azərbaycanda yaradılan könüllü hərəkatı, bilirsiniz ki,  çox böyük bir hərəkata çevrilib. Biz insan kapitalından danışırıqsa, könüllülərimiz də bizim gələcəyimiz və həmin o kapitaldır ki, bugünkü Azərbaycanımızın dayanıqlığını gələcəkdə təmin edəcəklər. Biz də dövlət qurumu olaraq öz sahəmizdə, öz siyasətimizdə məhz bundan istifadə edirik. Bizim komitənin də könüllüləri var və bizim istiqamətlər üzrə, sosial yanaşma, ailələrlə, qadınların inkişafı, uşaqların dəstəklənməsi ilə bağlı biz daim könüllülərin yanındayıq və onların potensialından istifadə edirik. Bu uşaqların təmsil olunduğu Uşaq Səfirləri Məclisi də elə könüllülük fəaliyyətindədir ki, bu, bütün dünyada müsbət təcrübə olaraq öyrənilir.

- Aynur xanım, icazənizlə, bu möhtəşəm məkandan bir az keçmişə qayıdaq: bilirik ki, çox qızlarımızda şahmata marağı, onların dünya arenasında uğurlarına aparan ilkin addımların səbəbkarı sizin qazandığınız uğurlar olub, onlar həm də beynəlxalq qrossmeyster Aynur Sofiyevanın işığına gəliblər bu, intellektual sahəyə. Bəs niyə Aynur xanım sonradan fəaliyyətini davam etdirmədi? Məmur fəaliyyəti şahmat oynamağa mane oldu?

- (Gülümsəyərək) Yox, sadəcə, mənim ən böyük uğur qazandığım dövr ki oldu, 90-cı illərdə, dünyanın ən güclü on şahmatçısı sırasına daxil oldum. Onda da Azərbaycanın vəziyyəti hər kəsə məlumdur. Müstəqilliyimizi qazandığımız o illər Azərbaycanda xaosun olduğu bir dövr idi. Nəinki şahmat, ümumiyyətlə, Azərbaycan torpağı, millətimiz, xalqımız məhv olmaq, əldən getmək üzrə idi. Belə bir zamanda əlbəttə ki, şahmat da kənarda qalmışdı. Həmin o üç illik fasilədən sonra Ulu Öndərimiz hakimiyyətə döndü və Azərbaycanı xilas etdi. Artıq üç il keçmişdi və idmandan xəbərdar olan insanlar bilirlər ki, arada qırılma olanda idmançının geridönüşü çox çətin olur. Məndə də belə oldu...

- Şahmat oynamaq həvəsiniz itib, yoxsa yenidən böyük arenaya qayıtmağınız mümkündür?

- Yox, sadəcə, ola bilər mənim şahmatda sonrakı inkişafıma mane olan məqam bu oldu ki, məğlub olmağı xoşlamırdım. Həmin o üç illik dövr məndə müəyyən problemlər yaratdı və məğlub olmaq istəmədim, ona görə dedim ki, elə yüksək səviyyədə də fəaliyyətimi dayandırım.

- Amma şahmat məktəbini də yarada bilərdiniz, xüsusilə də qızlarımız üçün...

- Sadəcə həyat elə gətirdi ki, mən siyasətə yön aldım.

- Bəli, Milli Məclisin üzvü oldunuz. Burada həyat yoldaşınız, əfsanəvi futbolçularımızdan olan Yunis Hüseynovun “günahı” da oldu?

- (Gülümsəyir) Yox. Bilirsiniz, mən xoşbəxtəm ki, biz hər zaman bir-birimizi dəstəkləyirik. Biz bir-birimizin inkişafı üçün töhfə verən ailəyik.

- Bəs Yunis bəy sizin böyük şahmatdan ayrılmağınıza görə təəssüflənmədi?

- Tək o yox, mən özüm də təəssüf etdim. Qibtə etmək ifadəsi var...Həmişə Ulu Öndərimiz, daha sonra cənab Prezident idmançılara böyük önəm verib və bu gün də onların fəaliyyəti dəstəklənir, çox güclü bir siyasət aparılır ki, istedadlarımız dünyada uğurlar qazanırlar. Mən bu imkanlardan istifadə edə bilmədim. Vaxtilə bu imkanlarım olsaydı, yəqin ki, mən dünya şahmat tacını da Azərbaycana gətirə bilərdim. (Gülür)

WhatsApp

- Aynur xanım, bəzən xanımların ictimai-siyasi fəaliyyətlə məşğul olmalarındansa ev eşləri, uşaq böyütmək və tərbiyə etməklə məşğul olmasını tövsiyə edənlər olur. Bu kimi yanaşmalara münasibət necədir? Həm də komitənin sədr müavini kimi, özünü təsdiqləmiş xanımlarımızdan biri olaraq sizin fikirləriniz maraqlıdır.

- Əgər inkişafdan danışırıqsa, xüsusən müasir dünyada qadının cəmiyyətdə bərabərhüquqlu olaraq inkişaf etməsi, fəal olması çox vacibdir. Bu, güclü dövlətin təməlində duran ən vacib məsələlərdəndir. Əgər belə olmazsa, əlbəttə ki, biz uğurlardan danışa bilmərik. Ona görə də bizim bugünkü dövlət siyasəti, həmçinin komitə olaraq da həyata keçirdiyimiz siyasət qadının inamlı olması, güclü olması, öz ailəsi üçün və özü üçün inkişafı, potensialından düzgün istifadə etməsidir.

- (Bir az kənarda media mənsublarının suallarını cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya işarə edib, sonuncu sualı ünvanlayırıq)

- Aynur xanım, Bahar xanım kimi tələbkar xanımla işləmək çətin deyil ki?

- (Məmnunluqla) Çox xoşdur və mənim üçün bir məktəbdir.

- Uğurlar olsun.

- Sağ olun.

Elşad Paşasoy,
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr