ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Bankomat vasitəsilə nağd pul çıxarılması zamanı texniki nasazlıqların baş verməsi bəzi hallarda vətəndaşlar üçün çətinlik yarada bilər. Son günlər bəzi vətəndaşlar belə bir problemlə üzləşiblər. Əməliyyatın son mərhələsində bankomatın işığının sönməsi və vəsaitin cihazda qalması kimi hallar yaşanıb. Belə vəziyyətlərdə mobil bank tətbiqində əməliyyatın uğurla tamamlandığı göstərilsə belə, vəsaitin faktiki olaraq istifadəçiyə verilməməsi ilə bağlı uyğunsuzluq yaranır.
Bu zaman vətəndaşın hansı addımları atmalı olduğu və problemin bank tərəfindən necə araşdırıldığı aktual məsələ kimi ortaya çıxır. Belə hallarda vəsaitin geri qaytarılması prosesi hansı qaydalarla tənzimlənir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov “AzPolitika”ya açıqlamasında bildirib ki, bu cür hallara zaman-zaman rast gəlinir və bu, vətəndaşlarda ciddi narahatlıq yaradır.

Onun sözlərinə görə, bankomat vasitəsilə nağd vəsait çıxarılması zamanı yaranan texniki problemlər bank xidmətlərinin təhlükəsizliyi və etibarlılığı baxımından mühüm məsələ hesab olunur.
Ekspert qeyd edib ki, problemin yaranmasına müxtəlif səbəblər təsir edə bilər: “Bunlara elektrik enerjisinin kəsilməsi, proqram təminatında yaranan nasazlıq, internet bağlantısının qırılması, eləcə də bankomatın kassasında mexaniki sıxılma kimi hallar daxildir. Bəzi hallarda isə sistem əməliyyatı uğurla tamamlanmış kimi göstərsə də, vətəndaş faktiki olaraq pulu əldə edə bilmir. Nəticədə hesabdan vəsait çıxılır, lakin nağd pul təqdim olunmur”.
A.İbrahimov vurğulayıb ki, belə vəziyyətlə qarşılaşan şəxslər ilk növbədə bankomatın qarşısını dərhal tərk etməməlidirlər: “Mümkün qədər əməliyyat çekini saxlamaq vacibdir. Çünki həmin çek üzərində əməliyyat kodu, tarix, saat və ATM cihazının nömrəsi kimi araşdırma üçün əhəmiyyətli məlumatlar əks olunur. Vətəndaş dərhal bankın qaynar xətti ilə əlaqə saxlamalı, problem barədə rəsmi müraciət etməlidir. Əgər bank tərəfindən operativ və adekvat addımlar atılmasa, məsələ ilə bağlı Mərkəzi Banka şikayət ünvanlamaq tövsiyə olunur”.
O sonda əlavə edib ki, bankomatların əksəriyyətində müşahidə kameraları mövcuddur və bank istədiyi halda görüntülər əsasında hadisəni araşdıraraq problemin həqiqətən baş verib-vermədiyini müəyyən edə bilər.
Oğuz Ayvaz
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.