AZ

BƏƏ müşaviri: Hörmüz adasının İranın əlində olması təhlükəli presedent yaradacaq

Birləşmiş Ərəb Əmirlikləri prezidentinin baş müşaviri Ənvər Qarqaş bildirib ki, Hörmüz boğazı üzərində İranın mümkün nəzarəti təhlükəli presedent yarada və Tehran tərəfindən siyasi alətə çevrilə bilər.

Qarqaş qeyd edib ki, boğazın statusunda istənilən dəyişiklik ciddi nəticələr doğura bilər. Onun sözlərinə görə, bu vəziyyət xüsusilə enerji və ticarət marşrutları səbəbindən Avropa üçün də risk yaradır.

BƏƏ rəsmisi əlavə edib ki, İranın malik olduğu hər hansı vasitədən istifadə etməyə hazır olduğu artıq region ölkələrinə məlumdur. O bildirib ki, İranın nüvə proqramı əvvəllər Əmirliklərin “ikinci və ya üçüncü narahatlığı” idisə, indi əsas təhlükəyə çevrilib.

Ənvər Qarqaş ABŞ ilə İran arasında yeni hərbi qarşıdurmanın vəziyyəti daha da mürəkkəbləşdirəcəyini deyib. Onun sözlərinə görə, BƏƏ siyasi həll yolunu dəstəkləyir, lakin mümkün razılaşmanın gələcəkdə yeni problemlər yaratmasından narahatdır.

“Diplomatik həll tapmaq vacibdir. Amma bu, gələcəkdə yeni mürəkkəbliklər yaratmaq bahasına olmamalıdır”, – deyə Qarqaş vurğulayıb.

O həmçinin bildirib ki, ABŞ bütün Fars körfəzi ölkələrinin təhlükəsizlik hesablamalarında daha mərkəzi rol almağa başlayıb və Vaşinqtonla əlaqələr milli müdafiənin “onurğa sütunu” hesab olunur.

Qarqaş əlavə edib ki, BƏƏ OPEC çərçivəsində tətbiq olunan hasilat məhdudiyyətlərindən zərər görür və son üç ildə təşkilatdan çıxmaq imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, Əmirliklər “karbohidrogen dövrünün payızına yaxınlaşdıqlarını” düşünür və mövcud hasilat potensialından maksimum istifadə etmək istəyir.

Mövsüm,

AzNews.az

Seçilən
16
aznews.az

1Mənbələr