AZ

"WUF13 də özəl sektorun payı 17 faizə çatıb" -

"Forumda özəl sektorun iştirakı ümumi iştirakçıların 17 faizini təşkil edib və bu, şəhərsalma proseslərində dövlətlə yanaşı biznes və icma tərəfdaşlığının artan rolunu göstərir"Mətbuat.az xəbər verir ki, bunu XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycandakı milli koordinatoru Anar Quliyev forumun nəticələrinə dair mətbuat konfransında deyib. "WUF13 çərçivəsində yaradılan " Business Innovation Hub" özəl sektorla əməkdaşlığın gücləndirilməsi, investorlar və startapların prosesə cəlb olunması, həmçinin innovasiyanın şəhər transformasiyasında rolunun artırılması baxımından mühüm platforma olub. WUF13-ün əsas xüsusiyyətlərindən biri də Urban Expo olub. Ümumi sərgi sahəsi 10 000 kvadratmetrdən çox olan ekspoda 81 ölkədən 260 təşkilat 122 stend və pavilyonla təmsil olunub. Burada dövlət qurumları, akademik dairələr, vətəndaş cəmiyyəti, özəl sektor və startaplar iştirak ediblər.Azərbaycan pavilyonu isə 1500 kvadratmetr sahədə ölkənin şəhərsalma transformasiyasını təqdim edib. Pavilyonda irs, dayanıqlı planlaşdırma, “ağıllı şəhərlər”, mənzil təminatı, turizm və azad edilmiş ərazilərin bərpası kimi istiqamətlər nümayiş olunub. Burada təxminən 30 tədbir keçirilib və 1500-ə yaxın yerli və beynəlxalq iştirakçı cəlb olunub".Anar Quliyev vurğulayıb ki, WUF13 çoxtərəfli və inklüziv platforma kimi çıxış edib və bütün tərəfdaşların bərabər şəkildə şəhər gələcəyinin formalaşdırılmasında iştirakına imkan yaradıb.Onun sözlərinə görə, forum çərçivəsində ilk dəfə təşkil edilən QHT Forumu da xüsusi əhəmiyyət daşıyıb. 100-dən çox ölkədən 800-ə yaxın iştirakçını bir araya gətirən bu platforma vətəndaş cəmiyyəti və yerli icmaların rolunu ön plana çıxarıb.O əlavə edib ki, WUF13 çərçivəsində Azərbaycanın təşəbbüsü və BMT-Habitat ilə əməkdaşlıqda xüsusi mükafat da təsis olunub. Bu təşəbbüs innovasiya, bilik mübadiləsi və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
4
metbuat.az

1Mənbələr