"Şəhərsalma prosesində vətəndaş cəmiyyətinin iştirakı çox vacibdir. Almaniyada mövcud olan təcrübəyə oxşar olaraq, bir vaxtlar bizdə də məhəllə komitələri fəaliyyət göstərirdi. Təəssüf ki, sonradan bu komitələr ləğv olundu. Halbuki bu, çox faydalı bir təşəbbüs idi".
QHT.az xəbər verir ki, bu sözləri "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevanın Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.
Zenfira Mustafayeva bildirib ki, şəhərlərin inkişafı vacib olsa da kəndlərin də diqqətdən kənarda qalmamasının zəruriliyini vurğulayır: "Sevindirici haldır ki, şəhərlərimiz inkişaf edir və müasirləşir. Lakin kəndlərimizin də unudulmaması çox vacibdir. Çünki hazırda kənd və rayonlardan şəhərlərə ciddi axın var və bu, davam edərsə, kəndlərin boşalması problemi daha da dərinləşə bilər".
O vurğulayıb ki, kəndlərdən şəhərlərə axının davam etməsi iqtisadiyyat və kənd təsərrüfatına mənfi təsir göstərə bilər və inkişafın balanslı aparılmasının vacibliyini qeyd edir: "Bu isə öz növbəsində iqtisadiyyata və kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Ona görə də kənd yerlərində də insanlar üçün lazımi şərait yaradılmalı, inkişaf balanslı şəkildə aparılmalıdır".