20–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində XX Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Qorunması Simpoziumu və İncəsənət Tədbirləri keçirilib. Simpozium Qazaxıstanın tanınmış rəssamı, İncəsənət Akademiyasının akademiki Marat Turğumbayın yaradıcılığının 50 illiyinə həsr olunub.
QHT.az xəbər verir ki, tədbir Qazax Milli Qızlar Pedaqoji Universitetində baş tutub və türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyıb. Simpozium Qazax Milli Qızlar Pedaqoji Universiteti və Aydın Adnan Menderes Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
Beynəlxalq tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Hindistan, Rusiya, Avstriya, Şimali Makedoniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Nigeriya və digər ölkələri təmsil edən 50-dən çox alim və tədqiqatçı iştirak edərək elmi məruzələrlə çıxış edib.
Açılış mərasimində Qazax Milli Qızlar Pedaqoji Universitetinin İdarə Heyətinin sədri-rektoru professor Beybitgül Kərimova, Türkiyənin Almatıdakı baş konsulu Tuğba Alan Özdənfədakar, Simpoziumun Təşkilat Komitəsinin sədri Əhməd Aytac, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri Fariz Xəlilli və digər rəsmi qonaqlar çıxış ediblər. Çıxışlarda türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişafı və beynəlxalq əməkdaşlıq platformalarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, professor Qafar Cəbiyev və aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Ağsu (Azərbaycan) və Otrar (Qazaxıstan) arxeoloji qazıntıları nümunəsində islam şəhərlərinin struktur özəllikləri” mövzusunda məruzə təqdim ediblər. Məruzədə orta əsr islam şəhərlərinin arxeoloji tədqiqi, şəhərsalma ənənələri, memarlıq xüsusiyyətləri və urbanistik inkişaf modelləri müqayisəli şəkildə təhlil olunub.
Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, professor Kübra Əliyeva da “Azərbaycanda bayram fenomenləri ilə əlaqəli tarixi köklər və simvolizm” mövzusunda çıxış edib. Məruzədə Azərbaycan xalqının ənənəvi bayram mədəniyyəti, mərasimlərin tarixi mənşəyi və onların mədəni yaddaşdakı rolu araşdırılıb.