OpenAI ənənəvi mobil tətbiqləri süni intellekt agentləri ilə əvəz etməyi hədəfləyən yeni smartfon layihəsi üzərində işləyir. Bu barədə tanınmış texnologiya analitiki Ming-Chi Kuo məlumat verib.
QHT.az xarici mediaya istinadən bildirir ki, analitikin sözlərinə görə, OpenAI mobil prosessorların hazırlanması üçün MediaTek və Qualcomm ilə əməkdaşlıq edir. Cihazın sistem dizaynı və istehsalı üzrə əsas tərəfdaş isə Luxshare olacaq. Kuo kütləvi istehsalın 2028-ci ildə başlaya biləcəyini bildirib.
Məlumata əsasən, OpenAI istifadəçilərin telefonlardan necə istifadə etdiyini daha dərindən analiz etmək və süni intellekti cihazın əsas idarəetmə mərkəzinə çevirmək istəyir. Layihənin məqsədi klassik tətbiq modelindən uzaqlaşaraq vahid AI interfeysi yaratmaqdır.
Texnologiya üzrə məsləhətçi Noah Kenney bildirib ki, OpenAI-nin öz cihazını hazırlaması şirkətə istifadəçi davranışları ilə bağlı daha geniş məlumat toplamaq imkanı verəcək. Onun sözlərinə görə, bu məlumatlar gələcək AI modellərinin daha effektiv işləməsinə kömək edə bilər.
MasTec şirkətinin süni intellekt sistemləri mühəndisi Siddardha Vangala isə qeyd edib ki, hazırkı smartfonlarda AI əsasən əlavə funksiya kimi təqdim olunur. O bildirib ki, OpenAI öz telefonunu istehsal edərsə, istifadəçi təcrübəsini tətbiqlər əvəzinə birbaşa süni intellekt üzərində qura bilər.
Ekspertlərin fikrincə, bu yanaşma cihaz daxilində daha sürətli AI emalı, fərdiləşdirilmiş xidmətlər və müxtəlif tapşırıqlar arasında davamlı yaddaş funksiyalarını mümkün edə bilər.