Yaxın Şərqdə yaşanan gərginlik və Hörmüz boğazına dair təhdidlər Yaponiyada əvvəllər çox bilinməyən “nafta” maddəsini ölkənin əsas gündəm mövzusuna çevirib.
Musavat.com xəbər verir ki, xam neftdən əldə olunan və benzindən tibbi ləvazimatlara, plastik qablaşdırmadan çap mürəkkəbinə qədər geniş sahədə istifadə edilən nafta təchizat zəncirindəki problemlər səbəbilə gündəlik həyata ciddi təsir göstərməyə başlayıb.
Böhranın miqyası Yaponiyanın böyük qəlyanaltı istehsalçısı Calbee şirkətinin qərarı ilə daha da diqqət çəkib. Şirkət məşhur kartof çipsi məhsullarının rəngli qablaşdırmalarını mürəkkəb çatışmazlığı səbəbilə 12 maydan etibarən qara-ağ dizaynla əvəz edəcəyini açıqlayıb. Aprel ayında qiyməti 79,4 faiz artan naftanın artıq yalnız sənaye məhsulu deyil, istehlak vərdişlərini dəyişdirən riskə çevrildiyi bildirilib.
Yaponiyanın neft ehtiyacının 90 faizdən çoxunu Yaxın Şərqdən təmin etməsi ölkəni Hörmüz boğazında mümkün təchizat kəsintilərinə qarşı həssas vəziyyətə salır. Problemlərin artıq yalnız qida qablaşdırması ilə məhdudlaşmadığı, tikinti, quru təmizləmə, qida emalı və boya istehsalı kimi sahələrə də yayıldığı qeyd olunub.
Yaponiya hökuməti artan narahatlığı azaltmağa çalışır. Ətraf mühit naziri Hirotaka İşihara plastik zibil torbalarının istehsalı üçün kifayət qədər ehtiyat olduğunu bildirərək insanları panik alışlardan çəkinməyə çağırıb. Baş nazir Sanae Takaichi isə alternativ mənbələrin araşdırıldığını, lakin digər Asiya ölkələrində tətbiq olunan sərt istehlak məhdudiyyətlərinə hələ keçilməyəcəyini deyib.
Bütün bu iqtisadi gərginliyin siyasi təsirləri də hiss olunur. Son sorğulara görə hökumətə etimad azalır və əhalinin böyük hissəsi rəsmi enerji qənaəti çağırışının edilməli olduğunu düşünür. Yaxın Şərqdəki qarşıdurmaların nəticəsi kimi qiymətləndirilən nafta böhranı artıq Yaponiya üçün strateji təhlükəsizlik məsələsinə çevrilib.
Musavat.com