WUF13 həm dizayn, həm də icra baxımından yüksək inklüzivliyi ilə seçildi. Vətəndaş cəmiyyəti forumda fəal şəkildə iştirak etdi və ümumi iştirakçıların 12 faizini təşkil etdi.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan rəsmi bağlanış mətbuat konfransında deyib.
O vurğulayıb ki, Biznes və İnnovasiya Mərkəzinin yaradılması özəl sektor, investorlar və startaplarla əməkdaşlığı gücləndirdi və innovasiyanın şəhər transformasiyasındakı rolunu artırdı:
"Sevindiricidir ki, özəl sektor iştirakçıların 13 faizini təşkil etdi. Forum bir daha göstərdi ki, şəhər transformasiyası hökumətlər, icmalar və tərəfdaşlar birlikdə çalışdığı zaman daha effektiv olur".
A.Quliyev həmçinin əlavə edib ki, WUF13-ün ən diqqətçəkən hissələrindən biri "Urban Expo" zonası oldu:
"10 min kvadratmetrdən çox sərgi sahəsini əhatə edən ekspoda 81 ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonla təmsil olundu. Burada hökumətlər, universitetlər, vətəndaş cəmiyyəti qurumları, dövlət təşkilatları və özəl sektor, o cümlədən startaplar və innovasiya təşəbbüsləri iştirak etdi.
1 500 kvadratmetrlik Azərbaycan pavilyonu "Vizyondan fəaliyyətə - insanlarla birlikdə" konsepsiyası altında ölkənin şəhər transformasiyası yolunu nümayiş etdirdi. Pavilyonda mədəni irs, dayanıqlı planlaşdırma, ağıllı şəhərlər, mənzil siyasəti, turizm və azad edilmiş ərazilərdə aparılan bərpa işləri təqdim olundu. Pavilyon daxilində təxminən 30 tədbir keçirildi və burada 1 500-ə yaxın yerli və beynəlxalq iştirakçı iştirak etdi".
Komitə sədri bildirib ki, WUF13 çərçivəsində ilk dəfə QHT Forumu da təşkil olundu:
"100-dən çox ölkədən təxminən 800 iştirakçını bir araya gətirən forum vətəndaş cəmiyyətinin, yerli icmaların və ictimai təşəbbüslərin inklüziv və insan mərkəzli şəhər gələcəyinin qurulmasındakı rolunu ön plana çıxardı. Forum çərçivəsində Azərbaycan QHT-lərinin təşəbbüsü ilə Şəhər Dayanıqlılığı və Qlobal Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edildi. Sənəd WUF13-də iştirak edən 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən imzalandı.
Azərbaycan pavilyonunda 59 tədbir keçirildi və təxminən 3 min yerli və beynəlxalq iştirakçı iştirak etdi. Qlobal Cənub QHT Platformasının pavilyonunda isə 30-a yaxın tədbir təşkil olundu və burada 1 500 iştirakçı yer aldı.
WUF13 yalnız konfrans məkanı ilə məhdudlaşmadı. Bakı Şəhər Həftəsi və forum festivalı çərçivəsində doqquz şəhərdə keçirilən 55 tədbirdə 115 mindən çox insan dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrə qoşuldu. Forum həmçinin 1 000-dən çox akkreditə olunmuş media nümayəndəsinin iştirakı ilə geniş qlobal media diqqəti qazandı".
O əlavə edib ki, gənclərin iştirakı da WUF13-ün əsas xüsusiyyətlərindən biri oldu:
"Forumun təşkili və uğurlu fəaliyyəti üçün 2 500 könüllü çalışdı. Bu, Azərbaycan gənclərinin peşəkarlığını, qonaqpərvərliyini və dinamizmini nümayiş etdirdi. Onların iştirakı bilik mübadiləsi, bacarıqların inkişafı və qlobal şəhər proseslərində gənclərin fəal iştirakını təşviq edən ən dəyərli irslərdən biri hesab olunur".