AZ

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun idarə olunmasının təkmilləşdirilməsi üçün rəqəmsal kadastr sistemi yaradılır

Bakı, 22 may, AZƏRTAC

Şəkidə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisinin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Gülnar Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş “Şəhərlərdə rəqəmsal transformasiya” adlı tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, yeni sistem qoruq ərazisində yerləşən torpaq sahələri, tikililər və mülkiyyət formaları üzrə məlumatların vahid rəqəmsal platformada toplanmasını və sistemləşdirilməsini təmin edəcək.

“Rəqəmsal kadastr sisteminin tətbiqi tarixi qoruğun daha effektiv idarə olunmasına, eləcə də, məlumat bazasının dəqiq və şəffaf şəkildə formalaşdırılmasına imkan yaradacaq. Layihə həm şəhərsalma idarəçiliyinin təkmilləşdirilməsi, həm də tarixi-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Gülnar Əliyeva əlavə edib.

Müxbir-Vüqar Qurbanoğlu
Fotoqraf-İlqar Cəfərov
Operator-Vüsal Taqiyev
Seçilən
12
2
azertag.az

4Mənbələr