“Fiat Chrysler Automobiles” və “PSA Group” şirkətlərinin birləşməsi nəticəsində yaranmış avtomobil istehsalçısı “Stellantis” 2030-cu ilə qədər 70 milyard avro dəyərində biznes planını təqdim edib.
“Reuters”in məlumatına görə, plana daxili yanma mühərrikli avtomobillərdən elektromobillərə qədər 60 yeni modelin istehsalı, texnologiyalara investisiyalar, digər şirkətlərlə birgə müəssisələrin yaradılması və istehsal güclərindən daha səmərəli istifadə daxildir.
“Stellantis” həmçinin geniş brend portfelinə yanaşmasını yenidən nəzərdən keçirməyi planlaşdırır. İnvestisiyaların 70%-nin “Jeep”, “Ram”, “Peugeot” və “Fiat” markalarına, eləcə də “Pro One” kommersiya avtomobilləri bölməsinə yönəldilməsi gözlənilir.
30-dan çox ölkədə yerləşən “Stellantis” zavodlarında “Alfa Romeo”, “Chrysler”, “Citroen”, “Dodge”, “Maserati” və “Vauxhall” daxil olmaqla 14 markanın avtomobilləri istehsal olunur.