AZ

​“Əsgər, ayağını yuyub suyunu içəcəm”

Mənim üçün dünyanın paytaxtı olan doğma Soltanlı kəndi işğaldan azad edildiyi gün sosial şəbəkə hesabımda yazmışdım: "Əsgər, ayağını yuyub suyunu içəcəm". Həmin vaxt mənim oğlum da əsgər idi. Azərbaycanda heç bir oğul ayağını yudurdub suyunu atasına içirtməz. Bu emosional mesaj yurd niskili ilə yaşayan atanın qalib əsgərə minnət duyğusunun səmimi ifadəsi idi. Mən də öz hisslərimi belə büruzə vermişdim… Vətən müharibəsindən bir neçə ay sonra jurnalist dostlarla şam yeməyinə toplaşmışdıq. 21-22 yaşlı ofisiant xidmətdə heç bir qüsura yol vermir, bizə canla-başla qulluq edirdi. Mən həyatda zəhməti nadir hallarda qiymətləndirilən adam olsam da, başqalarının əməyinə həmişə hörmətlə yanaşmışam. Adətimə xilaf çıxmayıb çay süfrəsində bizə qoşulan məkan sahibinə ofisiantı xeyli təriflədim. Sözlərimdən məmnun qaldığı üçün həvəslə izahat verdi: “Ayxan Vətən müharibəsi iştirakçısıdır. Dörd medalı var”. Ayxan cavandır, əlbəttə, işləməli, pul qazanmalı, gələcəyini qurmalıdır. Ofisiant da işləyə bilər, bənna da, aşpaz da. Alın təri, göz nuru ilə qazanılan pul bərəkətli olur...Mən yolunu tez-tez kafe və restoranlardan salan adamlardan deyiləm. Buna nə vaxtım var, nə də pulum. Ayda cəmi bir-iki dəfə dostlarla çay süfrəsi arxasında söhbətləşməyə imkanım çatır. Bu vaxt ilk işim ofisiantı sorğu-sual etmək olur. Əgər oğlandırsa, yaşını, əsgərlikdə olub-olmadığını soruşuram. Taksiyə minəndə isə sürücünü diqqətlə nəzərdən keçirirəm. Marketdə, xəstəxanada, qəssəbxanada da bu adətimdən əl çəkmirəm. "Birdən qazi olar, bilmədən xətrinə dəyərəm..." Bu fikir heç vaxt məni tərk etmir. Əminəm ki, çoxunuz beləsiniz… Özümüzdən böyüyə də, kiçiyə də hörmətlə yanaşmaq borcumuzdur. Qazilərə isə minnət borcumuz var. Minnət borcu mənəvi anlayış olduğu üçün onu pulla ödəmək mümkün deyil…

Seymur Verdizadə

Seçilən
63
metbuat.az

1Mənbələr