AZ

Nihal El-Megharbel: Məlumat sistemlərinin inkişafı mənzil siyasətində daha çevik qərarların qəbuluna imkan yaradır

Bakı, 22 may, AZƏRTAC

Məlumat sistemlərinin inkişaf etdirilməsi şəhərsalma və mənzil siyasətində daha çevik və səmərəli qərarların qəbuluna imkan yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Misirin sabiq senatoru, mənzil üzrə ekspert Nihal El-Megharbel BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

O, şəhərsalma və mənzil sektorunun idarə edilməsində müxtəlif mənbələrdən daxil olan məlumat bazasının rolunu vurğulayıb. Diqqətə çatdırılıb ki, həm dövlət qurumları, həm də statistika orqanları tərəfindən toplanan bu göstəricilər strateji qərarvermə prosesinə mühüm töhfə verir. Ekspert sorğular vasitəsilə əldə edilən fərdi məlumatların əhəmiyyətinə də toxunaraq bildirib ki, mənzil sektoru kimi dinamik sahələrdə informasiyanın vaxtında toplanması və operativ təhlili böyük zərurət kəsb edir.

Nihal El-Megharbel bildirib ki, mənzil təminatı sektoru dinamik xarakter daşıdığından uzunmüddətli strategiyaların gözlənilməsi mümkün deyil və dəyişikliklər operativ şəkildə idarəetmədə əks olunmalıdır.

Onun sözlərinə görə, məlumatların vaxtında əldə olunması və paylaşılması həm planlaşdırmanı, həm də hesabatlılığı gücləndirən əsas amillərdən biridir və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi vacibdir.

Seçilən
99
azertag.az

1Mənbələr