AZ

"Bu, Azərbaycanın geosiyasi və tranzit imkanlarını daha da artırır"

Yazını böyüt
Yazını kiçilt

"Uzun illərdir Azərbaycanın quru sərhədlərinin bağlı qalması və qonşu dövlətlərlə nəqliyyat əlaqələrinin, əsasən, hava yolu vasitəsilə həyata keçirilməsi müəyyən çətinliklər yaradırdı. Bu baxımdan, Azərbaycan və Gürcüstan dövlət başçılarının iki ölkə arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası barədə razılığa gəlməsi olduqca mühüm hadisə kimi qiymətləndirilməlidir".

Bunu Hafta.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyiib. Bildirib ki, bu qərar ilk növbədə, vətəndaşların sərbəst hərəkəti baxımından böyük əhəmiyyət daşıyır.

Professorun sözlərinə görə, eyni zamanda, bu addım turizm əlaqələrinin genişlənməsinə, Gürcüstanla sərhəd bölgələrində yaşayan əhalinin gediş-gəliş imkanlarının artmasına ciddi töhfə verəcək:

"Hazırkı mərhələdə yalnız hava nəqliyyatından istifadə olunması uçuş sayının məhdudluğu, aviabiletlərin yüksək qiymətləri səbəbindən vətəndaşlar üçün əlavə çətinliklər yaradırdı. Son illərdə biletlərin qiymətində ciddi artım müşahidə olunur ki, bu da insanların səfər imkanlarını məhdudlaşdırır. Bu baxımdan, dəmir yolu əlaqələrinin bərpası yalnız iki ölkə arasında sərnişin daşınması deyil, bütövlükdə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi baxımından mühüm addım hesab olunmalıdır”.

Professor bu qərarın region ölkələri ilə əlaqələrə və turizm sektoruna təsirinə diqqət çəkib. O, vurğulayıb ki, təbii olaraq dəmir yolu əlaqələrinin açılması müxtəlif istiqamətlər üzrə əlaqələrin genişlənməsinə şərait yaradacaq. Xüsusilə Gürcüstan üzərindən Türkiyəyə çıxış imkanları daha da asanlaşacaq. Eyni zamanda, Gürcüstan vasitəsilə Rusiyaya, Qara dəniz hövzəsinə və digər istiqamətlərə nəqliyyat əlçatanlılığı genişlənəcək. O cümlədən bu xətt turizm sektorunun canlanmasına müsbət təsir göstərəcək.

“Uzun illərdir, bu sahədə müəyyən durğunluq müşahidə olunurdu və indi dəmir yolu əlaqələrinin bərpası, faktiki olaraq, həmin “donmuş vəziyyət”in aradan qalxmasına səbəb ola bilər. Bununla yanaşı, tranzit imkanlarının genişlənməsi, ticarət dövriyyəsinin artması və insanlararası əlaqələrin intensivləşməsi üçün də yeni imkanlar yaranacaq”, - Q.Məhərrəmli deyir.

Q.Məhərrəmli Bakı-Tbilisi dəmir yolu əlaqələrinin bərpasının Cənubi Qafqaz üçün əhəmiyyətini qeyd edərkən bu prosesin təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya proseslərinin aktivləşməsi baxımından da mühüm rol oynayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu addım regionda mövcud nəqliyyat infrastrukturunun daha effektiv işləməsinə, yeni iqtisadi və logistika imkanlarının formalaşmasına şərait yarada bilər. O, hesab edir ki, bütövlükdə bu proses region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, tranzit potensialının artmasına, Cənubi Qafqazın beynəlxalq nəqliyyat dəhlizlərində rolunun güclənməsinə xidmət göstərən  vacib addımlardan biri kimi qiymətləndirilməlidir.

“Məsələ təkcə turist və sərnişin daşınması ilə məhdudlaşmır. Bakı–Tbilisi dəmir yolu ilə sərnişin daşınmasının bərpası gələcəkdə yükdaşımalarının genişlənməsi, quru yolların və digər kommunikasiya xətlərinin açılması üçün də yeni imkanlar formalaşdıracaq. Bu baxımdan, söhbət yalnız iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpasından deyil, bütövlükdə, regionda yeni iqtisadi və logistika imkanlarının yaranmasından gedir. Bu proses gələcəkdə digər qonşu dövlətlərlə – Rusiya, İran, Xəzər dənizi vasitəsilə Orta Asiya respublikaları, hətta perspektivdə Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə də müəyyən impuls verə bilər. Uzun müddət quru əlaqələrinin məhdud qalması həm əhalinin hərəkət imkanlarına, həm də onların satış bazarlarına çıxışına müəyyən problemlər yaradırdı. Xüsusilə region ölkələri ilə iqtisadi və ticarət münasibətlərinin genişlənməsi baxımından bu məhdudiyyətlər ciddi maneə hesab olunurdu. İndi isə dəmir yolu ilə sərnişin daşınmasının bərpası yeni perspektivlər açır. Bu, gələcəkdə digər nəqliyyat əlaqələrinin də genişlənməsi üçün bir başlanğıc ola bilər. Düzdür, quru sərhədlərinin bağlı qalması müəyyən təhlükəsizlik üstünlükləri yaradırdı. Paralel olaraq sərhədyanı ticarətin, qarşılıqlı bazarların və iqtisadi aktivliyin inkişafına da müəyyən məhdudiyyətlər gətirirdi. Bu baxımdan, kommunikasiya xətlərinin mərhələli şəkildə genişlənməsi region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə xidmət edə bilər.

Regional nəqliyyat marşrutlarının genişlənməsi isə Azərbaycanın geosiyasi və tranzit imkanlarını daha da artırır. Azərbaycan və Gürcüstan artıq Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərindən biri kimi çıxış edir. Bu proses Orta dəhlizin və tarixi İpək yolunun yeni mərhələdə daha fəal işləməsinə əlavə töhfə verə bilər”, – Q.Məhərrəmli deyib.

Seçilən
49
26
hafta.az

10Mənbələr