ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 may, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Rəqəmsal Şəhər Ümumi Məkanı: Dayanıqlı Gələcək naminə İnklüziv İnnovasiyalara Liderlik edən Şəhərlər” mövzusunda yüksək səviyyəli yan tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Qlobal Dayanıqlı İnkişaf Məqsədləri və Liderliyin İnkişafı Mərkəzi (GSLDC), Qlobal Rəqəmsal İqtisadiyyat Şəhərləri Alyansı (DEC40), Qlobal Süni İntellekt İnnovasiya və Əməkdaşlıq Assosiasiyası (GAIA) və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən birgə təşkil edilib.
Bakı Olimpiya Stadionundakı Qlobal Cənub QHT Platformasının (GSNP) pavilyonunda keçirilən tədbirdə müxtəlif ölkələrdən şəhər siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
WUF13-ün “Dünyaya mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu fonunda keçirilən sessiyada şəhərlərin rəqəmsal texnologiyaların etik və inklüziv idarəedilməsində rolu, süni intellektin dayanıqlı şəhər inkişafına töhfəsi, rəqəmsal idarəetmə və ağıllı infrastruktur məsələləri müzakirə olunub.
Tədbirin açılışında GSLDC-nin şəhər rəhbərləri və siyasətçilər üçün rəqəmsal əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, mərkəzin həyata keçirdiyi potensialın artırılması proqramları şəhər qərarvericilərinin süni intellekt və yeni texnologiyalar sahəsində praktiki siyasət alətləri ilə təmin olunmasına yönəlib.
Qlobal Şəhərlər Mərkəzinin həmdirektoru Kamelia Kemileva çıxışında rəqəmsal uçurumun aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, Rio-de-Janeyro nümunəsini qeyd edərək süni intellekt dəstəyi ilə həyata keçirilən şəhər planlaşdırmasının həssas icmalarda yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verdiyini bildirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin strategiya və dayanıqlılıq üzrə baş direktoru Rza Əliyev isə insan hüquqlarına əsaslanan təhlükəsiz və şəffaf məlumat idarəçiliyinin əhəmiyyətindən danışıb. O, Seul və Pekin kimi şəhərlərdə rəqəmsal idarəetmə modellərinin yerli icmaların şəhər idarəçiliyində iştirakını gücləndirdiyini diqqətə çatdırıb.
Panel müzakirələri GSLDC-nin beynəlxalq proqramlar üzrə məsləhətçisi Lionel Mbanda tərəfindən aparılıb. Paneldə Ekvadorun sabiq xarici işlər naziri, Qlobal Cənub QHT Platformasının baş katibinin müavini Luis Galleqos, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli, İqtisadiyyat Nazirliyi yanında C4IR Azərbaycan / 4SİM-in Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Gülnarə Malikzadə və GSLDC-nin direktoru Tan Enq Han iştirak ediblər.
Müzakirələr zamanı texnoloji transformasiyanın insan mərkəzli və ədalətli şəkildə həyata keçirilməsi, şəhərlərdə inklüziv innovasiyaların təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun rəqəmsal idarəetmə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Sessiyada Ubertas World təşkilatının sədri və “Power of Policy” təşəbbüsünün təsisçisi şahzadə Cahnavi Kumari Mevar da fəxri qonaq qismində iştirak edib. O, Bio-Harmonik Sivilizasiya konsepsiyası çərçivəsində təbiət və cəmiyyət arasında harmoniyanın qorunmasının vacibliyindən bəhs edib.
Tədbirin sonunda GSLDC-nin direktoru Tan Enq Han iki yeni beynəlxalq təşəbbüsü təqdim edib. Bildirilib ki, ITU, ITC və DEC40 ilə birgə həyata keçiriləcək Qlobal Rəqəmsal İqtisadiyyat Mayak Proqramı uğurlu rəqəmsal innovasiya nümunələrinin müəyyənləşdirilməsi və qlobal miqyasda təşviqinə xidmət edəcək. Seçilmiş layihələrin “Lighthouse Casebook 2026” nəşrində yer alacağı və Pekinlə Cenevrədə keçiriləcək yüksək səviyyəli sammitlərdə təqdim olunacağı qeyd edilib.
Bununla yanaşı, şəhər rəhbərlərinin ağıllı şəhər layihələri üzrə təlim, texniki dəstək və maliyyə institutlarına çıxış imkanları ilə təmin olunmasına yönəlmiş Qlobal Rəqəmsal Şəhər İnnovasiya və Potensialın Gücləndirilməsi Mərkəzinin yaradıldığı bildirilib.
Tədbir iştirakçılar arasında əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunan şəbəkələşmə görüşləri ilə başa çatıb.




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.