ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Televiziyada yayımlanan bəzi şou-proqramlar, seriallar və verilişlər çox zaman uşaqların yaşına və düşüncə tərzinə uyğun olmur. Hətta el arasında belə bir deyim də var “indiki kinolar uşaqların tərbiyəsini pozur”. Bəs görəsən, bu fikir nə qədər əsaslıdır? Axı əvvəllər də şou-proqramlar, xüsusi yaş həddi qoyulan kino və seriallar yayımlanıb. Bəs onda niyə uşaqlar bu qədər aqressiv deyildilər? Burada problemin kökü nədir? Yayımlanan proqramların məzmunu, yoxsa valideyn nəzarətsizliyi?
Pedaqoq, Valideyn Məktəbinin təsisçisi Aysel Rəsulzadə Lent.az-a açıqlamasında bildirib ki, televiziya proqramları, filmlər və seriallar uşaqların həyatına ciddi formada mənfi təsir göstərir:

“Uşaqlar seriallardakı aqressiya, zorakılıq, intiqam hissi, qışqırıq, manipuliya növlərini davranış modeli kimi qəbul edirlər. Əvvəllər biz buna əyləncə kimi yanaşsaq da, bu gün reallıq tamamilə başqadır. Bir çox valideyn uşağının az yaşı olmasına baxmayaraq aqressiv davranışları ilə bağlı bizə müraciət edirlər. Təbii ki, bunlar televiziya və telefonda baxdıqlarının təsiri nəticəsində baş verir.
Belə vəziyyətdə “əvvəllər niyə belə deyildi?” sualı ünvanlana bilər. Çünki əvvəllər valideynlərin uşaqlara nəzarəti güclü idi. Ailə üzvləri arasında emosional bağ möhkəm idi. Uşaqlar nəzarətsiz şəkildə saatlarla televizor qarşısında oturmurdular. Hansısa filmə baxılacaqdısa, onu da ailəvi formada izləyib, sonra müzakirə edirdik. Amma bu gün nə birlikdə filmə baxılır, nə müzakirə edilir, nə də uşaqlara lazımi formada nəzarət olunur. Sağlam ailə mühiti olmadığı üçün uşaqlar ailə üzvlərindən daha çox telefonla, sosial şəbəkələrlə, seriallarla dostluq edirlər.
Bu kimi mənfi halların qarşısını almaq üçün bacardığımız qədər evdə nümunəvi davranış forması göstərməliyik. Əgər bu nümunəvi forma olsa, heç bir serial, proqram və oyunlar uşaqların hərəkətlərinə təsir edə bilməz.
Oyun oynayan, kinolara, sosial şəbəkələrə baxan uşaqların belə, digər hobbiləri olmalıdır. Kitab oxumalı, idmanla məşğul olmalı, sosial fəaliyyətlərə istiqamətlənməlidir”.
Pedaqoq qeyd etdi ki, neqativ hadisələrdən sonra da ailələr uşaqlarla müzakirələr aparmalıdır:
“Bu yaxınlarda Türkiyədə gənc oğlan sinif yoldaşlarına silahlı hücum etmişdi. Həmin hadisədən sonra ölkədə silah məzmunlu serial və ya oyun ləğv edildi. Bu kimi hadisələr baş verəndə evdə onun nəticələrini müzakirə edirik ki, uşaqlar sabah, birisigün yanlış fikirlərə qapılmasınlar. Həmin vaxt övladım bildirdi ki, “bir uşağın hərəkətinə görə, hansısa serialın ya oyunun ləğvi nə qədər düzgündür? Niyə valideyn övladına nəzarət etmir ki, bir uşağa görə seriala baxan minlərlə adam ondan məhrum olur?” Uşağın bu fikirləri mənim üçün də yaxşı pedaqoji təcrübə oldu.
Uşaqların belə möhkəm xarakterə sahib olmaları üçün onları düzgün tərbiyə etməliyik. Uşaqlarımız adi bir filmdən, oyundan təsirlənməməlidirlər. Burada başlıca məsələ ailə dəyərlərinin və valideyn nəzarətinin möhkəmliyidir. Evdə verilən sevgi qədər sərhədlər də qorunsa, uşaqlar kənardan gələn dalğalardan bu qədər təsirlənməzlər.
Televiziyalarda dəyərlərimizə zidd nə qədər proqramlar olsa da, dünyada uşaqlar üçün maraqlı, əyləncəli və interaktiv kifayət qədər proqramlar var. Biz də evdə uşaqlarla onları izləyirik. Həmin proqramları valideyn özü axtarıb, tapmalıdır.
Uşaqların yaşına uyğun olmayan film və seriallar var. Bəzən uşaqlar da onlara meyl salırlar, amma bu o demək deyil ki, onlara qadağa qoymalıyıq. Əgər filmdə kifayət qədər şiddət və dəyərlərə zidd məqamlar yoxdursa, o zaman bir yerdə baxmaq olar, yeri gəldikdə, valideyn öz fikirlərini də bölüşə bilər. Belə olduqda, uşaqlar da anlamış olarlar ki, həyatda başlarına bu hadisə gəldikdə necə reaksiya verməlidirlər”.
“Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Lent.az-a keyfiyyətli ekran məhsulları uşaqlarda empatiya hissini, yaradıcılığı, vətənpərvərlik duyğularını, dostluq və ailə dəyərlərini gücləndirə bilər:

“Televiziyada yayımlanan yerli və xarici seriallar, xüsusilə də uzun müddət izlənilən gündəlik seriallar uşaqların düşüncə tərzinə, davranış modelinə və emosional inkişafına ciddi təsir göstərə bilər. Uşaq beyni gördüyünü tez mənimsədiyi üçün ekranda təqdim olunan obrazlar çox zaman onun üçün nümunəyə çevrilir. Əgər seriallarda aqressiya, kobud davranış, manipulyasiya, ailədaxili konflikt, zorakılıq və ya məsuliyyətsiz həyat tərzi normallaşdırılırsa, uşaqlar bunları adi və qəbul edilən davranış kimi qavraya bilirlər.
Xüsusilə bəzi seriallarda qəhrəmanların problemləri qışqırıq, güc nümayişi və ya zorakılıqla həll etməsi uşaqlarda aqressiv reaksiyaları artırır. Uşaq gördüyü davranışın nəticəsini analiz etmədən onu təqlid etməyə meylli olur. Bu səbəbdən son illərdə uşaqlarda müşahidə olunan aqressivlik, itaətsizlik və özbaşınalıq hallarının müəyyən hissəsinin kino və serial məzmunu ilə əlaqəli olduğunu söyləmək mümkündür. Amma məsələni yalnız ekranla izah etmək doğru olmaz. Ailə münasibətləri, valideyn nəzarəti, sosial mühit, məktəb atmosferi və sosial media da burada mühüm rol oynayır.
Digər tərəfdən, bütün serial və filmləri zərərli hesab etmək də düzgün deyil. Keyfiyyətli ekran məhsulları uşaqlarda empatiya hissini, yaradıcılığı, vətənpərvərlik duyğularını, dostluq və ailə dəyərlərini gücləndirə bilər. Əsas məsələ uşağın nə izlədiyi, nə qədər izlədiyi və izlədiyi məzmunun onun yaşına uyğun olub-olmamasıdır.
Uşaqları mənfi təsirlərdən qorumaq üçün ilk növbədə valideyn nəzarəti vacibdir. Valideynlər uşağın hansı serial və verilişlərə baxdığını izləməli, yaşına uyğun olmayan məzmunlara məhdudiyyət qoymalıdır. Eyni zamanda uşağı tam qadağalarla deyil, izah yolu ilə maarifləndirmək daha effektivdir. Uşaqla birlikdə film izləmək, gördüyü hadisələri müzakirə etmək və “bu davranış niyə yanlışdır?” kimi söhbətlər aparmaq onun tənqidi düşüncəsini inkişaf etdirir.
Uşaqlar üçün daha faydalı olan veriliş və filmlər isə maarifləndirici, psixoloji inkişafı dəstəkləyən, dostluq, əməkdaşlıq, mərhəmət və ailə dəyərlərini ön plana çıxaran layihələrdir. Elmi-populyar proqramlar, təbiət və tarix mövzulu verilişlər, animasiya filmləri, milli-mədəni dəyərləri təbliğ edən seriallar və motivasiyaedici uşaq proqramları onların inkişafına daha müsbət təsir göstərə bilər.
Bir sözlə, ekran uşağın tərbiyəsində həm risk, həm də imkan vasitəsidir. Burada əsas məsuliyyət valideynlərin, media qurumlarının və ümumilikdə cəmiyyətin üzərinə düşür. Uşağın izlədiyi məzmun nə qədər sağlam və nəzarətli olarsa, onun psixoloji və sosial inkişafı da bir o qədər müsbət istiqamətdə formalaşar”.
Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" inkişafı mövzusunda dərc edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.