Bakı, 22 may, AZƏRTAC
Azərbaycan sabitlik, aydın strateji kurs və əməkdaşlığa açıqlıq kimi xüsusiyyətləri sayəsində hazırda beynəlxalq maliyyə institutları üçün cəlbedici tərəfdaşdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze AZƏRTAC-a eksklüziv müsahibə verib.
Onun sözlərinə görə, ölkə ardıcıl iqtisadi siyasət aparır və bu, uzunmüddətli beynəlxalq tərəfdaşlar üçün xüsusilə vacibdir, həmçinin dəqiq müəyyən edilmiş inkişaf prioritetlərini qoruyur.
Nümayəndəlik rəhbəri Azərbaycanda insan kapitalının yüksək səviyyəsini qeyd edərək vurğulayıb ki, ölkədə peşəkar kadrlar, genişmiqyaslı layihələri və islahatları effektiv şəkildə həyata keçirə bilən daha təcrübəli işçi qüvvəsi mövcuddur.
Mouravidze hesab edir ki, Azərbaycanın beynəlxalq qurumlarla qarşılıqlı əlaqəyə praqmatik və konstruktiv yanaşması eyni dərəcədə vacib amildir: “Məhz bu amillərin kombinasiyası bizə strateji məqsədləri konkret layihələrə çevirməyə və davamlı nəticələr əldə etməyə imkan verir”.
Agentliyin müsahibi əmin olduğunu bildirib ki, bu müsbət tendensiyalar nəzərə alınmaqla, AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq gələcəkdə də güclənməyə davam edəcək.
Müxbir – Tamilla Məmmədova