BAKI, 22 may. TELEQRAF
Son günlər ərzində “Dünyanı məskunlaşdırmaq: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən WUF13 şəhərlərimizin və icmalarımızın gələcəyi ilə bağlı dialoq, tərəfdaşlıq və ortaq düşüncə üçün həqiqətən qlobal platformaya çevrildi.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimində deyib.
O bildirib ki, WUF13-ün mövzusu mənzil məsələsini qlobal şəhər gündəliyinin mərkəzinə çıxardı və bir daha təsdiqlədi ki, adekvat, əlçatan, təhlükəsiz və dayanıqlı mənzilə çıxış dövrümüzün ən mühüm çağırışlarından biri olaraq qalır:
“Forum boyu aparılan müzakirələr göstərdi ki, mənzil yalnız əsas insan ehtiyacı deyil, həm də ləyaqətin, dayanıqlığın, sosial inklüzivliyin, iqtisadi imkanların və davamlı şəhər inkişafının təməlidir. WUF13 həmçinin vurğuladı ki, qlobal mənzil böhranının həlli üçün effektiv çoxtərəflilik, daha güclü tərəfdaşlıqlar, innovativ maliyyələşdirmə və bütün səviyyələrdə əlaqələndirilmiş fəaliyyət tələb olunur.
Bu Forum təkcə miqyasına görə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə xatırlanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı WUF13-ün müəyyənedici məqamlarından biri oldu. 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhər gündəliyinin irəlilədilməsi, davamlı şəhər inkişafında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də hər kəs üçün adekvat mənzil və dayanıqlı icmaların təmin olunmasına dair ortaq siyasi iradəni açıq şəkildə nümayiş etdirdi.
WUF13-ün mühüm mərhələlərindən biri Azərbaycan sədrliyi ilə Yeni Şəhər Gündəliyinin icrasını nəzərdən keçirmək məqsədilə keçirilən Nazirlər Toplantısı oldu. İştirak edən 111 ölkədən 80-i nazirlər səviyyəsində təmsil olunurdu”.