AZ

LDU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

Bakı, 22 may, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Lənkəran Dövlət Universitetində maarifləndirici tədbir təşkil edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Tədbirə Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Milli Antidopinq Agentliyinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin rəis müavini, Narkolojı dispanserin həkim-psixoloqu, Lənkəran Dövlət Universitetinin prorektoru, habelə müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində gənclərin asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, normativ- hüquqi aktların müddəalarının və tələblərinin izah edilməsi, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyətinə təqdim olunub. Tələbələrə isə "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Psixotrop maddələr haqqında həqiqət", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və "Narkotiklər haqqında həqiqəti bilin" adlı maarifləndirici materiallar paylanılıb.

Seçilən
15
1
azertag.az

2Mənbələr