AZ

WUF13 qlobal mənzil gündəliyini gücləndirdi - Anar Quliyev

WUF13 qlobal mənzil böhranının həlli üçün güclü siyasi iradə nümayiş etdirdi.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 mənzilin qlobal şəhər gündəliyinin mərkəzinə yerləşdirildiyi və əlçatan, təhlükəsiz, dayanıqlı mənzilə çıxışın əsas insan hüququ olduğu fikrinin bir daha təsdiqləndiyi yaddaqalan forum kimi tarixə düşüb:

"Forum çərçivəsində aparılan müzakirələr göstərdi ki, mənzil yalnız insanların fundamental ehtiyacı deyil, eyni zamanda ləyaqətin, dayanıqlılığın, sosial inklüzivliyin, iqtisadi imkanların və davamlı şəhər inkişafının əsasını təşkil edir. WUF13 həmçinin vurğuladı ki, qlobal mənzil böhranının aradan qaldırılması effektiv çoxtərəflilik, daha güclü tərəfdaşlıqlar, innovativ maliyyələşdirmə mexanizmləri və bütün səviyyələrdə əlaqələndirilmiş fəaliyyət tələb edir.
Bu forum təkcə miqyası ilə deyil, həm də innovativ formatları, inklüziv iştirakçılığı və konkret nəticələri ilə yadda qalacaq. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə təşkil olunan Liderlərin Bəyanatı sessiyası WUF13-ün ən əlamətdar məqamlarından biri oldu. Sessiyada 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhər gündəliyinin irəlilədilməsi, dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hər kəs üçün adekvat mənzil və dayanıqlı icmaların təmin olunmasına dair güclü siyasi iradəni nümayiş etdirdi".

A. Quliyev bildirib ki, WUF13-ün digər mühüm nailiyyəti Azərbaycanın sədrliyi ilə Yeni Şəhər Gündəliyinin icrasının qiymətləndirilməsi məqsədilə yenilənmiş formatda keçirilən nazirlər toplantısı oldu: "Tədbirdə iştirak edən 111 ölkədən 80-i nazirlər səviyyəsində təmsil olunurdu. Toplantıdan sonra təşkil edilən tematik panellər mənzil, iqlim dəyişikliyi, dayanıqlılıq, sosial inklüzivlik və beynəlxalq əməkdaşlıq mövzularında daha interaktiv və həll yönümlü dialoq platforması yaratdı.

Müzakirələr zamanı aparılan geniş fikir mübadiləsi və səsləndirilən praktiki tövsiyələr Sədr Xülasəsinin hazırlanmasına mühüm töhfə verdi, eyni zamanda bu ilin sonlarında BMT Baş Assambleyası çərçivəsində keçiriləcək yüksək səviyyəli iclasda Yeni Şəhər Gündəliyinin nəzərdən keçirilməsi prosesinə əlavə təkan verdi.

Qeyd etmək istərdim ki, sonradan ictimaiyyətə təqdim olunacaq Sədr Xülasəsində bir sıra vacib məqamlar əksini tapıb. WUF13 indiyədək keçirilmiş ən böyük forum olub. Tədbirdə 176 ölkədən 24 min 44-dən çox iştirakçı yer alıb ki, bu da inklüziv dialoqun gücünü nümayiş etdirir.

Nazirlər WUF13-ün hazırlanması zamanı tətbiq edilən innovativ yanaşmaları, eləcə də forum tarixində ilk dəfə təşkil olunan Liderlərin Bəyanatı sessiyasını yüksək qiymətləndirərək, Azərbaycanın və UN-Habitat-ın gələcək Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi edəcək ölkələr üçün əməliyyat təlimatlarının hazırlanması istiqamətində əməkdaşlıq etmək niyyətini alqışlayıblar", - deyə Anar Quliyev vurğulayıb

Seçilən
37
2
day.az

3Mənbələr