AZ

Anar Quliyev: “Azərbaycan dünyaya nümunə olur”

“Bu forumun uğuru təkcə təşkilati işlərlə ölçülmür. Burada nümayiş etdirilən peşəkarlıq, qonaqpərvərlik və dinamizm Azərbaycan xalqının yüksək mədəniyyətini və dəyərlərini əks etdirir”.

Musavat.com-un əməkdaşı xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O qeyd edib ki, qlobal tədbirlərin əsl uğuru yalnız qəbul olunan qərarlarda deyil, insanlar arasında qurulan əlaqələrdə və yaradılan insani münasibətlərdədir:

““Hamı üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu ətrafında keçirilən müzakirələr şəhərlərimizin və icmalarımızın gələcəyi ilə bağlı qlobal tərəfdaşlıq və ortaq düşüncə platformasına çevrildi. Forum bir daha təsdiqlədi ki, əlçatan, təhlükəsiz və layiqli mənzil təminatı dövrümüzün ən mühüm çağırışlarından biridir. Müzakirələr göstərdi ki, mənzil yalnız əsas insan ehtiyacı deyil, həm də ləyaqətin, dayanıqlılığın, sosial inklüzivliyin, iqtisadi imkanların və davamlı inkişafın əsas təməlidir”.

Komitə sədri bildirib ki, forum çərçivəsində memarlıq və şəhərsalma sahəsində əldə olunan təcrübələr, dayanıqlı inkişaf səviyyəsinin planlaşdırılması, milli proqramların təşkili, genişmiqyaslı tikinti və reinteqrasiya layihələri geniş şəkildə müzakirə olundu:

“Xüsusilə, işğaldan azad olunan ərazilərdə aparılan bərpa prosesləri diqqət mərkəzində idi. Bu ərazilərdə həyata keçirilən yenidənqurma işləri miqyası və əhatə dairəsinə görə misilsizdir və postmünaqişə dövrünü yaşayan digər regionlar üçün nümunə hesab oluna bilər. Öz maliyyə resursları və milli imkanları hesabına ölkə Böyük Qayıdış Proqramı çərçivəsində 12 şəhər və 300-dən çox kəndi yenidən qurur. Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin edilir. Artıq bir sıra şəhər, qəsəbə və kəndlər üzrə baş planlar təsdiqlənib, digər yaşayış məntəqələri ilə bağlı layihələrin hazırlanması isə davam etdirilir”.

Nigar Həsənli
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr