ABŞ kəşfiyyatı bildirib ki, rabitə imkanlarının zəifləməsi Rusiya qüvvələrinin koordinasiyasına ciddi təsir göstərib...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Ukrayna Rusiya qüvvələrinin istifadə etdiyi “Starlink” terminallarının deaktiv edilməsindən sonra təxminən 400 kvadratkilometr ərazini geri qaytara bilib.
Məlumata əsasən, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) hesabatında qeyd olunub. Sənəddə bildirilir ki, Rusiya hərbçiləri “Starlink” terminallarından qoşunların hərəkətinin koordinasiyası və pilotsuz uçuş aparatlarının zərbələrinin idarə olunması üçün istifadə edirdilər.
Hesabatda vurğulanıb ki, terminalların deaktiv edilməsindən sonra Rusiya ordusunun rabitə və qoşun idarəetmə imkanları “müvəqqəti, lakin əhəmiyyətli dərəcədə” zəifləyib. ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, bu amil Ukraynanın 2023-cü ildən bəri ilk ciddi ərazi uğurlarını əldə etməsinə təsir göstərən əsas faktorlar sırasında olub.
Məqalədə qeyd edilir ki, rabitə sistemlərinin fəaliyyətində yaranan problemlər Rusiya qüvvələrinin cəbhədə operativ koordinasiya imkanlarını məhdudlaşdırıb və bəzi istiqamətlərdə müdafiə xəttinin zəifləməsinə səbəb olub.
Rəsmi Moskva və ya “Starlink” xidmətinin operatoru olan SpaceX şirkəti məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Poliqon.info