AZ

ADA universitetinin professoru: Mənzil insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir

Kritik həddə çatan qlobal mənzil böhranı təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə çatışmazlıqlarının nəticəsidir.

APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində ADA universitetinin professoru Anar Vəliyev deyib.

"Mənzil insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir. Ev sadəcə dörd divardan ibarət bir tikili deyil. O, ləyaqət, mədəniyyət və kimlik məkanıdır, həmçinin ortaq gələcəyimizin təmin edilməsinin əsas elementidir. Mənzil ictimai məkanlar, məktəblər, səhiyyə və digər xidmətlər kimi ictimai imkanlarla qarşılıqlı əlaqədə olan bir sistemin tərkib hissəsidir", - o qeyd edib.

Vəliyevin sözlərinə görə, qlobal çağırışın miqyası koordinasiyalı, birgə və təxirəsalınmaz tədbirlər tələb edir. Bu çağırışın mərkəzində mənzil siyasətinin inteqrasiya olunmuş idarəetmə prinsipləri ilə həyata keçirilməsi, sektorlararası fəaliyyətlərlə dəstəklənməsi, uzunmüddətli maliyyə planlaşdırılması, tətbiqetmə imkanlarının gücləndirilməsi, çoxsəviyyəli idarəetmə, davamlı dövlət investisiyaları və ölçülə bilən hesabatlılıq mexanizmləri ilə təmin olunması dayanır.

"Yeni Şəhər Gündəliyinin 40-cı ildönümünə bir il qalmış biz üzv dövlətləri onun icrasını sürətləndirməyə, qlobal mənzil böhranının daha effektiv həlli üçün BMT-Habitatın mandatını tərəfdaşlıq qurumu kimi gücləndirməyə çağırırıq", - o vurğulayıb..
Vəliev bikdirib ku, 2026–2029-cu illər üzrə Şəhər Gündəliyi mənzil sahəsində fəaliyyətin sürətləndirilməsi üçün yol xəritəsi təqdim edir. Açıq tərkibli qeyri-rəsmi işçi qrupu çərçivəsində üzv dövlətlər və maraqlı tərəflər 2026–2036-cı illərin Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölçülə bilən nəticələr əldə etmək üçün “Fəaliyyət Onilliyi” elan olunmasını müzakirə etməyə təşviq olunur.

"Nəticə sənədlərinə praktiki öhdəliklər daxil edilməli, uğurlu proqram və layihələr sənədləşdirilməli və tətbiq yolları paylaşılmalıdır. Bu yekun nəticələr üç əsas istiqamətdə təşkil olunub. Burada mənzil böhranının əsas səbəbləri və insan hüquqları aspektləri, eləcə də ədalətli, inklüziv, dayanıqlı və davamlı mənzil sisteminin transformasiyası məsələləri əhatə olunur".

Seçilən
12
2
apa.az

3Mənbələr