AZ

Daşkəsənli şəhid anası -“köç karvanı ilə oğullarımızın ruhu o yerlərə dönür”...



Yağı tapdağında olan torpaqların gözü yolda idi, oğullarını gözləyirdi, oğullar da o torpaqları gözü yolda qoymadılar, qeyrət qılıclarını sıyırıb torpaqlarımızın hər qarışını işğaldan azad etdilər. Vətən oğullarının qanı hopan torpaqlarımızın hər guşəsində şəhidlərimizin ruhu yaşayır.

İşğal altında olan torpaqlarımızı azad edən oğulların adlarının və xatirəsinin əbədiləşdirilməsi missiyasını öz çiyinlərinə götürən və bu müqəddəs işi layiqincə yerinə yetirən Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyanı ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” IV cildliyinin II, III və IV cildlərini şəhid ailələrinə təqdim etmək üçün bu dəfə yolunu Cumhuriyyətimizin ilk paytaxtı, qəhrəman Cavad xanın, ulu Nizaminin, Məhsətinin ruhu yaşayan Gəncə şəhərinə saldı. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşları ilə mayın 21-də Gəncə şəhərində olduq. Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində 44 günlük Vətən mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi “44 gün – Tarixi Zəfər” adlı ki­ta­bın II, III və IV cildlərinin təqdimatı keçirdi.

Gəncə, Naftalan, Daşkəsən, Göygöl və Samuxdan olan Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirildiyi nəşrlərin təqdimatında onların ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etdilər.

Anaların və ataların simasında oğul həsrətinin açdığı cizgiləri gördük, ürəklərindən axıb gələn nisgil cilalı sözləri eşitdik. Yarası ağrıyan anaların səsindən qopan tikrək xatirələr ürəyimizi göynətdi. Oğul həsrətli analar “44 Gün-Tarixi Zəfər”in cildlərini doğma övladları kimi bağırlarına basdılar. Axı orada oğullarının adları, şəkilləri həkk olunmuşdu. Bu kitablar onlara oğul qədər əzizdir bu səbədən...

Anaların göz yaşları, ataların bağır dələn sükutu içimizi qanatdı...

Tədbiri Respublika Xatirə Kitabı Redaksiyanın əməkdaşı, şair-publisist Hikmət Məlikzadə açdı. “Nizami babamızın, Məhsəti nənəmizin yurdunda, əsrlərin şairi Məhəmməd Hadini qeybə çıxaran Gəncə torpağında-Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzinin hamınızı xoş gördük” dedi.

H.Məlikzadə qeyd etdi ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Vətən müharibəsində həlak olmuş şəxslərlə bağlı hazırladığı "44 Gün-Tarixi zəfər" adlı çox cildliyin ikinci, üçüncü və dördüncü cildləri şəhid ailələrinə təqdim edilir. “Vətən müharibəsi, ümumiyyətlə bütün müharibələr Azərbaycan xalqına böyük itkilər verib. Müharibə sözünün ümumi rakursda geniş anlamı məhz itki, ölüm, dəhşət, acı və fəlakət deməkdir. Təəssüflər olsun ki, Azərbaycan xalqı mövcud olduğu gündən məhz müharibələrin cəngindədir. Minlərlə, on minlərlə gənc oğullarımız bu müharibələrin qurban olub. Digər tərəfdən Böyük Vətən Müharibəsi, İkinci Dünya Müharibəsi, Birinci Dünya Müharibəsi, eləcə də nankor qonşularımızın başlatdığı Birinci Qarabağ və Vətən müharibəsi o gəncləri əlimizdən alıb. Əslində, bu müharibələrin heç biri xalqa xeyri olmayıb. Eləcə də Azərbaycan xalqına xeyir olmadı. Minlərlə gənc oğlumuz öz şirin canlarından oldular. Onların xatirəsini əbədiləşdirmək məsuliyyətini dərk edir və bunu öz müqəddəs vəzifəmiz hesab edirik. Otuz ilə yaxındır üzərində böyük bir məsuliyyət daşıyan, missiya həyata keçirən Respublika Xatirə Kitabı haqqında qısaca məlumat vermək istəyirəm Respublika Xatirə Kitabı ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsi, bilavasitə göstərişi ilə yaradılıb. Respublikada xatirə işinin təşkili məsələsi məhz Respublika Xatirə Kitabına tapşırılıb. Bu müddəa ümumi qanunun üçüncü maddədə öz əksini tapıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında nə qədər şəhid varsa, hamısının xatirəsinin, adlarının əziz tutulması işi məhz Respublika Xatirə Kitabı üzərində bir məsuliyyətdir”.

H.Məlikzadə dedi ki, şəhid oğullar vətəni atadan, anadan, doğmalardan, hətta öz doğma balalarından belə çox istəyiblər, əvvəlki müharibələrdə də, Vətən müharibəsində də bu qəhrəman oğullar bir daha həmin o aksiomanı təsdiq elədilər. “Əgər onlar ailələrinin, ata-analarının onlardan sonra gözlərinin ağlar qalacağını düşünsəydilər özlərini Vətənə qurban verməzdilər”.

Respublika Xatirə Kitabı Re­dak­si­yasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, rəhbərlik etdiyi redaksiyanın üzərinə çox böyük missiya düşüb və kollektiv bu işi uğurla həyata keçirir:"Bizim işimiz həqiqətən də çətin və gərgindir. Çünki hər bir şəhid haqqında məlumat toplamaq, o məlumatları dəqiqlışdirdikdən sonra kitab halına salmaqvə gələcək nəsillər üçün yadigar qoymaq çox böyük dəqiqlik və əmək istəyir. Bu işin çətinliyini əməkdaşlarımız yaxşı bilir. Həmişə deyirəm ki, bizim əməkdaşlarımız çox gərgin və məsuliyyətlə işləyirlər. Onlara təşəkkür edirəm ki, bu cür ağır və məsuliyyətli işin öhdəsindən uğurla gəlirlər".

N. Məmmədova qeyd edib ki, adlarını Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən oğulların adlarının unudulmaması, gələcək nəsillərə çatdırılması üçün redaksiya kollektivi çox böyük zəhmət çəkib. "Müharibə qansız-qadasız ötüşmür. Amma qələbəni bizə yaşadanları xatırlatmasaq bizim üzərimizə düşən böyük günah olar.

Xatirə Kitabı olaraq bu işə İkinci Dünya müharibəsindən başlamışıq".

Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən danışan N. Məmmədova qeyd etdi ki, redaksiya belə bir məsuliyyətli vəzifəyə hazırlaşır. "Vətən mü­haribəsini qələbə ilə başa çatdırdıq. Biriinci Qarabağ müharibəsində şəhid olanlarla bağlı məlumatlar toplayırıq, siyahı dəqiqləşdirilir. Dəqiqləşdirməyə ciddi ehtiyac var. O dövrdə psrakəndəlik idi. Vəziyyət hər kəsə məlum idi. Ona görə də onların adları tamamilə dəqiqləşdirilir. Mən buradan sizə də səslənirəm. Birinci Qarabağ müharibəsində şəhid olan şəxslərlə bağlı kimin ətraflı məlumatı varsa, fotoşəkillər varsa bizə təqdim etsin. Bu bizim üçün çox vacibdir. Çünki bəzən onların ailələri ilə əlaqə yaratmaq çətin olur.

İndi isə "44-Gün-Tarixi zəfər"in II, III və IV cildlərinin təqdimatını keçiririk. Biz bir neçə il əvvəl bu nəşrin I cildini təqdim etmişik. Kitabda Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən mü­haribəsində,antiterror tədbirlərində, Qisas əməliyyatında, mina terrorunda şəhid olmuş insanların xatirəsi əbədiləşdirilib.

N. Məmmədovanın sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı insan resurslarını əbə­di­ləş­dirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ənsiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında ensiklopedik materiallar dərc edilir.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati­rələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – Tarixi Zəfər” adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər icti­mai müstəvidə xüsusi rol oynayır.

Redaksiyanınhazırladığı “Qələbə - 75” və “Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Bu kitablarda faşizm üzərində qələbənin 75 və 80 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.

Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib.

Redaksiya,eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Redaksiyanın hazırladığı “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabı Ümummilli Lider Heydər Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub. Respublika

Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Naftalan Rayon İcra Hakimiyyətinin müaviniKəmalə Hüseynova bildirdi ki, otuz ildən çox işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin Dəmir yumruq siyasəti nəticəsində azad olundu. “Torpaqlarımız azad olundu. Amma torpaqlarımız uğrunda siz anaların, ataların böyütdüyü, tərbiyə etdiyi övladlarınız şirin canlarlndan keçdilər, şəhid oldular, ali mərtəbəyə yüksəldilər. Düzdür, sizin üçün çox ağırdır. Mən deyərdim ki, hər bir Azərbaycan vətəndaşı üçün bu ağırdır. Naftalan şəhəri də 44 günlük Vətən müharibəsində hərbi və mülki şəhidlər verdi. Bu gün həmin şəhid analarından biri bu tədbirdə iştirak edir. Onun oğlu Bəhruz Quliyev də 44 günlük Vətən müharibəsində şəhid oldu və bu gün onun qız balası böyüyür. Hər dəfə şəhid ailələri ilə görüşdükdə biz də o acını bir daha onlarla birgə yaşayırıq. Azərbaycan xalqı bu acını yəni heç vaxt, heç zaman unutmayacaq. Nə qədər ki Azərbaycan xalqı yaşayır,şəhidlərimizin xatirəsi əbədi olaraq yaşayacaqdır. Bu cür kitabların ərsəyə gəlməsində əziyyət çəkən hər kəsə öz təşəkkürümü bildirirəm. Əlbəttə, bəlkə dədeyərsiniz ki, bir kitabdır, bir kağız parçasıdır. Amma heç də elə deyil. Deyərdim ki, ən azından sizin üçün bir təskinlikdir. Ən əsası dabu gələcək gənc nəsillərimiz üçün örnəkdir. Gələcək gənclərimiz bu şəhidlərimizin hansı vətənpərvər ruhda böyüdüyünün şahidi olacaqlar, onları özlərinə örnək biləcəklər”.

Gəncə Şəhər İcra Hakimiyyətinin Müharibə İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili sektorunun müdiri Əli Həsənzadə bildirdi ki, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. “Bu gün burada elə bir auditoriya yığışmışıq ki, sizin qarşınızda hər hansı bir söz demək bizim üçün çox çətindir. Çünki tarix yazan övladlarımızın, şəhidlərimizin ailə üzvləri burada oturub”.

Şəhid Seyidzadə Mirhüseynin atası Miryunis Seyidzadə isə təklif etdi ki, Gəncədə şəhidlər muzeyi yaradılsın. “Gəncədə Şəhidlər Muzeyinin yaradılmasını təklif edirəm. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, lokal antiterror tədbirləri şəhidlərinə həsr olunmuş muzeyin yaradılmasına zərurət var. Şəhidlərimizin yaddaşlarda yaşaması üçün bu muzeyin yaradılmasının əhəmiyyəti böyük olardı. Bu bizim şəhidlərimiz qarşısında borcumuzdur.

Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə kitablar çap edir. Xatirə Kitabı Redaksiyasının gördüyü işlər çox əhəmiyyətlidir. Kitab tarixdir, yaddaşdır. Eyni zamanda hesab edir ki, şəhidlərimiz barədə silsilə filmlər çəkilməlidir. Necə ki, vaxtilə İkinci Dünya müharibəsində şəhid olan oğullara bağlı filmlər çəkilirdi, indi də şəhidlərimiz barədə çəkilməlidir"-deyə şəhid atası qeyd etdi.

Gəncə Mədəniyyət Regional İdarəsinin rəhbəri Nail Məmmədov da çıxış etdi və şəhidlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi işində Respublika Xatirə Kitabı Redaksiyasının fəaliyyətinin əhəmiyyətindən danışdı.

Daşkəsən rayonundan olan şəhid Rüfət Sadıqovun anası Tərifə Ağacanova da danışdı. “Mən də bir qəhrəman oğul anası kimi bu tədbirə qatılmaqda qürur hissi keçirirəm. Hər gün televiziya verilişlərində kök görürəm. O köç karvanı ilə oğullarımızın ruhu o yerlərə dönür. Hesab edirəm ki, şəhidin ruhları onları düz getdiyi ünvana çatdırır, müşayiət edir. Bu qəhrəman oğullar analarını sevən oğullar olublar. Amma onlar vətənin üstün tutdu. Çünki vətən olmasa idi, ana da olmazdı. Oğullarımızı xatırlayan, onlardan yazan, xatirələri əbədiləşdirən hər kəsə təşəkkür edirəm.

Azərbaycan övladları 1941-1945-ci il savaşında da böyük qəhrəmanlıqlar göstərdilər”.

Tədbirdə çıxış edən hər kəs Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi missiyanın şəhidlərimizin irsinin təbliği üçün mühüm olduğunu dilə gətirdilər.

Sonda “44 Gün-Tarixi zəfər” kitabının cildləri şəhid analarına və atalarına, oğul həsrətli insanlara paylandı.

Yağışlı bir gündə doğma Gəncə şəhərindən ayrılırıq, qəhrəmanlar yurdunun başı üzərində şəhidlərimizin müqəddəs ruhları pərvaz edir. Qəhrəmanlar şəhəridir Gəncə, igidlər oylağıdır. Hər zaman Vətənin dirəyi və dayağı olan oğullar yetirir, müqəddəs Gəncə torpağı...

İradə SARIYEVA

Gəncə-Bakı

Seçilən
12
baki-xeber.com

1Mənbələr