Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlar arasında elələri var ki, onların fəaliyyəti yalnız rəsmi protokol çərçivəsində yadda qalır. Elələri də var ki, cəmiyyətlə qurduğu münasibət, insanlara yaxın davranışı və yerli mədəniyyətə göstərdiyi hörmətlə uzun müddət xatırlanır. Fergus Auld ikinci kateqoriyaya aid edilən diplomatlardan biri oldu.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizi tərk edir.
Musavat.com xəbər verir ki, diplomat bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, səfirlikdə sonuncu iş günüdür:
“Bu gün sonuncu iş günümdür. Hər şey üçün təşəkkür edirəm. Azərbaycan mən gedəndən sonra da uzun müddət qəlbimdə qalacaq”.
Son illərdə Azərbaycanda ən çox tanınan və simpatiya qazanan xarici diplomat məhz Fergus Auld idi desək, yanılmarıq. O, sadəcə rəsmi tədbirlərdə görünən səfir obrazı yaratmadı. Azərbaycan dilində danışması, bölgələrə səfərləri, yerli insanlarla səmimi münasibəti və milli mədəniyyətə marağı onu cəmiyyətə yaxınlaşdırdı.
Xüsusilə sosial şəbəkələrdə paylaşdığı videolar geniş maraq doğururdu. Gəncə ləhcəsində səsləndirdiyi “Ay lələ!”, “Qadan alım!” kimi ifadələr istifadəçilər tərəfindən rəğbətlə qarşılanırdı. Bir çoxları onu “Azərbaycanlaşan səfir” adlandırırdı.

Şotlandiyaəsilli britaniyalı diplomat olan Fergus Stephen Auld uzun illərdir diplomatik fəaliyyətdədir. O, 1999-cu ildə Böyük Britaniyanın Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. İlk fəaliyyət illərində Nüvə Silahlarının Yayılmaması Departamentində işləyib. Sonrakı illərdə isə Tayland, Hindistan və Rusiyada müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Auldun diplomatik karyerasında enerji siyasəti, iqlim dəyişiklikləri və beynəlxalq təhlükəsizlik mövzuları əsas istiqamətlərdən olub. O, 2000-2002-ci illərdə tay dili kurslarını bitirdikdən sonra Britaniyanın Taylanddakı səfirliyində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə ikinci katib vəzifəsində işləyib.
Daha sonra Böyük Britaniyanın Xarici İşlər Nazirliyində İqlim Dəyişikliyi və Enerji Departamentində fəaliyyət göstərib, Hindistandakı səfirlikdə bu sahə üzrə rəhbər vəzifədə çalışıb. 2011-2014-cü illərdə isə Moskva səfirliyində siyasi məsləhətçi olub.
Fergus Auld 10 oktyabr 2022-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlayıb.
Amma onun Azərbaycanla münasibəti səfir təyin olunmazdan əvvəl formalaşmışdı. Auld Azərbaycan dilini öyrənmək üçün 2021-ci ildə altı həftə Gəncədə bir ailə ilə yaşayıb. O, yerli müəllimlərlə dərs keçib, gündəlik həyatda yalnız Azərbaycan dilində danışmağa çalışıb, milli yeməkləri dadıb və insanların həyat tərzini yaxından müşahidə edib.
Sonralar İlham Əliyevlə görüşündə də həmin günləri xatırladaraq demişdi:
“Mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım”.
2022-ci ilin oktyabrında etimadnaməsini təqdim edərkən Prezident İlham Əliyev onun Azərbaycan dilində sərbəst danışmasını “hörmət nümunəsi” adlandırmışdı. Həmin görüşdə maraqlı mənzərə yaranmışdı: səfir Azərbaycan dilində danışır, Prezident isə ingilis dilində cavab verirdi və tərəflər bir-birini rahat anlayırdı.
Fergus Auldun Azərbaycanda populyarlaşmasının əsas səbəbi də məhz bu yanaşma idi. O, özünü yalnız diplomat kimi deyil, ölkəni öyrənməyə çalışan bir insan kimi təqdim edirdi. Videomüraciətlərinin əksəriyyətini Azərbaycan dilində edirdi, bölgələrə gedir, insanlarla birbaşa ünsiyyət qururdu.
Diplomat Azərbaycan mətbəxinə sevgisini də gizlətmirdi. O, xüsusilə Şəki pitisini və Lənkəran turşu kababını sevdiyini dəfələrlə vurğulamışdı. Boş vaxtlarında bölgələri gəzməyi, yerli adət-ənənələri yaxından tanımağı xoşladığını deyirdi.
Şəxsi həyatı barədə çox danışmasa da, Fergus Auld bir neçə müsahibəsində üç yeniyetmə övladı olduğunu bildirib. Qeyd edib ki, uşaqları ona yeni musiqilər, texnologiyalar və müasir baxışlar öyrədir. Valideynlərinin isə universitet professoru olduğu məlumdur.
Azərbaycandakı missiyasının sonunda səfir emosional fikirlər də səsləndirib. O bildirib ki, ölkəmizi tərk edərkən ən çox insanların səmimiyyətini, dağları, xalçaları, çayı, dolmanı və ləvəngini xatırlayacaq.
Onun ən yadda qalan fikirlərindən biri isə belə olub:
“Mən Azərbaycana yad kimi gəldim, ömürlük dost kimi gedirəm”.
Şahanə Rəhimli
Musavat.com