AZ

Kongo Demokratik Respublikasında Ebola müalicə mərkəzi yandırıldı

Kongo Demokratik Respublikasında Ebola müalicə mərkəzi yandırıldı

Kongo Demokratik Respublikasının (KDR) İturi əyalətində Ebola epidemiyasının episentri kimi göstərilən Rvampara qəsəbəsində xalqın bir cənazəni təhvil ala bilməməsi səbəbindən çıxan hadisələrdə Ebola müalicə mərkəzi yandırılıb.

AFN.az xəbər verir ki, şahidlər və yüksək rütbəli bir polis məmuru Ebola şübhəsi ilə həyatını itirən bir şəxsin cənazəsinin verilməməsi səbəbilə Rvamparadakı xəstəlik müalicə mərkəzinin yandırıldığı məlumatını paylaşıb.

Gənclərdən ibarət bir qrupun Ebola müalicə mərkəzinə zorla daxil olması ilə içəridəki avadanlıqlar və Ebola şübhəlisinə aid olduğu ehtimal edilən ən az bir cənazə yandırılıb. Tibb işçiləri isə bölgədən nəqliyyat vasitələri ilə uzaqlaşıb.

Bölgədəki universitet tələbəsi Aleksis Burata polisin izdihamı sakitləşdirməyə çalışdığını, lakin uğursuz olduğunu bildirərək, "Gənclər sonda mərkəzi yandırdılar" deyib.

İturi Əyaləti İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri, baş komissar müavini Jan Klod Mukendi müalicə mərkəzinin yandırıldığını təsdiqləyərək, hadisələrin cənazələrin dəfn protokollarına yönəlik fikir ayrılığından qaynaqlandığını söyləyib.

Mukendi Ebola şübhəsi olan cənazələrin səhiyyə qrupları tərəfindən qaydalara uyğun şəkildə dəfn edilməsi lazım olduğunu vurğulayıb.

Bölgədə fəaliyyət göstərən humanitar yardım təşkilatı ALIMA-nın sahə koordinatoru Hama Amadu vəziyyətin daha sonra sakitləşdiyini və qrupların mərkəzə dönərək işlərinə davam etdiyini qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus KDR ilə Uqandadakı Ebola epidemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə fövqəladə vəziyyəti yaratdığını bildirmişdi.

KDR hökumət sözçüsü Patrik Muyaya ölkədəki Ebola epidemiyasında yoluxma sayının 435-ə, həyatını itirənlərin sayının isə 118-ə yüksəldiyini bildirmişdi.

Səhiyyə rəsmilərinin sözlərinə görə, mövcud epidemiya nadir bir Ebola variantı olan "Bundibugyo" virusundan qaynaqlanır və təsdiqlənmiş bir müalicəsi və ya peyvəndi yoxdur.

Bir növ qanamalı qızdırmaya yol açan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku şəhərlərində eyni vaxtda başlayan epidemiyalarla ortaya çıxmışdı.

KDR-dəki epidemiya Ebola çayı yaxınlığındakı bir kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilmişdi.

Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılmışdı. Qvineya, Liberiya və Syerra-Leonedə 2014-2017-ci illərdə müşahidə edilən epidemiyada 30 min nəfər virusa yoluxmuş və xəstələrin 11 mindən çoxu ölmüşdü.

Seçilən
19
afn.az

1Mənbələr