Britaniya kral ailəsinin ən qalmaqallı simalarından biri olan Şahzadə Endryu ətrafında mübahisələr yenidən alovlanıb.
Musavat.com xəbər verir ki, Temza Vadisi Polisi mayın 22-də yaydığı açıqlamada York hersoqu ilə bağlı aparılan araşdırmanın genişləndirildiyini və 2010-cu ildə bir qadının cinsi məqsədlərlə Vindzordakı iqamətgaha aparılması barədə məlumatların ayrıca qiymətləndirildiyini bildirib.
Bu açıqlama uzun illərdir mərhum maliyyəçi və məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələrinə görə tənqid olunan Endryunun üzərindəki təzyiqi daha da artırıb.
Polisin məlumatına görə, istintaqın əsas istiqamətlərindən biri Endryunun dövlət vəzifəsində olarkən səlahiyyətlərindən sui-istifadə edib-etməməsidir.
Hüquq-mühafizə orqanları onun Böyük Britaniyanın keçmiş ticarət elçisi kimi fəaliyyəti dövründə Epşteynlə məxfi və ya xidməti xarakterli məlumatlar paylaşması barədə iddiaları araşdırır. Bununla yanaşı, yeni araşdırma xətti 2010-cu ildə ABŞ-dan Böyük Britaniyaya gətirildiyi iddia olunan bir qadınla bağlıdır.

İddialara görə, həmin qadın Vindzordakı Royal Lodge iqamətgahında Endryu ilə görüşüb. Hüquq-mühafizə orqanları hazırda bu məlumatların həqiqiliyini və mümkün cinayət tərkibini araşdırır. Polis bildirib ki, araşdırma çərçivəsində ABŞ Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edilir, həmçinin Böyük Britaniya Prokurorluğu Xidməti (CPS) tərəfindən erkən hüquqi məsləhətlər alınır. Bu isə istintaqın sadə yoxlama mərhələsindən çıxaraq ciddi hüquqi qiymətləndirmə mərhələsinə keçdiyini göstərir.
Ceffri Epşteyn 2019-cu ildə seks alveri ittihamları üzrə məhkəməni gözləyərkən həbsxanada ölü tapılmışdı. ABŞ-da son illərdə açıqlanan məhkəmə sənədləri və müxtəlif şahid ifadələri Epşteyn şəbəkəsinin miqyasını yenidən gündəmə gətirib. Məhz bu sənədlərin bir hissəsinin açıqlanmasından sonra Britaniya polisi yeni məlumatlar əldə etdiyini bildirir. İstintaqa təkan verən amillərdən biri də amerikalı vəkil Bred Edvardsın açıqlamaları olub. O bildirib ki, Epşteyn tərəfindən Şahzadə Endryuya göndərildiyi iddia olunan ən azı bir qadın sonradan Bukinqem Sarayını belə gəzib. Bu iddia hələlik məhkəmə qaydasında sübut edilməyib, lakin hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Endryu ilə bağlı ən məşhur ittihamlar mərhum Virciniya Cuffrenin adı ilə bağlıdır. O, şahzadənin 17 yaşında olarkən onunla cinsi əlaqədə olduğunu iddia etmişdi.

Şahzadə Endryu bu ittihamları daim rədd etsə də, 2022-ci ildə məhkəmə prosesinin davam etməsinin qarşısını almaq üçün Virciniya Cuffre ilə milyonlarla dollarlıq razılaşma əldə etmişdi. Razılaşma hüquqi baxımdan təqsirin etirafı sayılmasa da, ictimai rəydə Endryunun mövqeyini daha da zəiflətmişdi. 2025-ci ilin aprelində Virciniya Cuffrenin intihar xəbəri dünya mediasında geniş rezonans doğurdu.
Onun ölümü Epşteyn qalmaqalının qurbanları mövzusunu yenidən gündəmə gətirdi və yeni şahidlərin ortaya çıxmasına səbəb oldu. Şahzadə Endryu artıq uzun müddətdir ki, kral ailəsinin rəsmi fəaliyyətindən kənarda saxlanılır. O, ictimai tədbirlərdə nadir hallarda görünür və əvvəllər malik olduğu bir sıra imtiyazlardan məhrum edilib. Kral III Çarlzın son illərdə apardığı islahatların mühüm istiqamətlərindən biri məhz monarxiyanın reputasiyasını qorumaq olub. Lakin Endryu ətrafında yenidən gündəmə gələn araşdırmalar kral ailəsinin keçmişdən qalan problemlərinin hələ də tam həll olunmadığını göstərir.
Britaniyada bir çox hüquqşünaslar hesab edir ki, istintaqın nəticəsi yalnız şahzadənin hüquqi taleyini deyil, həm də kral ailəsinə ictimai etimadın səviyyəsini müəyyən edə bilər. Əgər yeni şahid ifadələri və ya sənədlər ittihamları gücləndirərsə, bu, kral ailəsində son onilliklərin ən böyük qalmaqallarından birinə çevrilə bilər. Temza Vadisi Polisi hazırda şahid ifadələri toplayır və əlavə məlumatları araşdırır. Hüquq-mühafizə orqanları istintaqla bağlı məlumatı olan şəxsləri əməkdaşlığa çağırıb. Bu mərhələdə Şahzadə Endryuya qarşı yeni cinayət ittihamı irəli sürülməyib və o, bütün ittihamları rədd edir. Britaniya monarxiyasının ən nüfuzlu nümayəndələrindən sayılan York hersoqu üçün əsas problem artıq hüquqi mübarizə ilə məhdudlaşmır. O, illərdir davam edən qalmaqalların yaratdığı siyasi və mənəvi yükdən qurtula bilmir.
E.Məmmədəliyev,
Musavat.com