AZ

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun növbəti Zəfəri oldu

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu, qlobal təşəbbüslərdə fəal iştirakını və urban inkişaf gündəliyinin formalaşdırılmasında artan rolunu bir daha nümayiş etdirdi. Yüksək səviyyədə təşkil olunan forum, peşəkar koordinasiya, müasir infrastruktur imkanları və zəngin məzmunu ilə iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bağlanış mərasimləri, mətbuat konfransları və qəbul edilmiş yekun sənədlərin geniş şəkildə təqdimatı həm tədbirin əhəmiyyətini artırdı, həm də Azərbaycanın beynəlxalq platformalarda söz sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirdi.

Bu gün artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur ki, qlobal urban gündəliyin formalaşmasında Azərbaycan mühüm aktorlardan birinə çevrilib. WUF13 bu baxımdan yalnız beynəlxalq tədbir deyil, həm də Azərbaycanın yeni inkişaf modelinin dünyaya təqdim olunduğu strateji platforma kimi yadda qaldı. Forum çərçivəsində səsləndirilən fikirlər, qəbul edilən sənədlər və aparılan müzakirələr Azərbaycanın urbanizasiya, dayanıqlı şəhərsalma, yaşıl inkişaf və innovativ idarəetmə sahəsində yaratdığı nümunənin artıq qlobal miqyasda diqqətlə izlənildiyini göstərdi. Bu gün “Azərbaycan modeli” anlayışı yalnız iqtisadi inkişaf deyil, eyni zamanda müasir şəhərsalma, sosial rifah, ekoloji yanaşma və postmünaqişə dövründə sürətli bərpa siyasətini özündə birləşdirən uğurlu konsepsiya kimi formalaşır.

Bütün bu nailiyyətlərin əsasında isə Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan son illərdə yalnız regionun deyil, dünyanın diqqət mərkəzində olan inkişaf və quruculuq mərkəzlərindən birinə çevrilib. Dövlət başçısının strateji baxışı nəticəsində ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması və dayanıqlı inkişaf prinsiplərinin prioritetə çevrilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da artırıb. Forum iştirakçılarının da vurğuladığı kimi, Azərbaycan artıq təkcə təşəbbüsləri dəstəkləyən deyil, qlobal çağırışlara real həll modelləri təqdim edən ölkə kimi qəbul olunur.

Xüsusilə Şərqi Zəngəzur və Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin real nəticəsidir. Uzun illər işğal altında qalmış ərazilərdə qısa müddətdə müasir infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası, nəqliyyat-kommunikasiya xətlərinin yenidən formalaşdırılması və ekoloji yanaşmaların tətbiqi dünya miqyasında nümunə kimi dəyərləndirilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr göstərir ki, Azərbaycan postmünaqişə dövründə dağıntıları qısa zamanda inkişaf və tərəqqi məkanına çevirmək iqtidarında olan güclü dövlətdir.

WUF13-ün yüksək səviyyədə təşkili də məhz Azərbaycanın artan imkanlarının və dövlət idarəçiliyində formalaşmış peşəkar yanaşmanın göstəricisi oldu. Forumun bütün mərhələlərinin dəqiq koordinasiya olunması, xarici qonaqlar üçün yaradılan şərait, təhlükəsizlik, logistika və informasiya təminatının ən yüksək standartlara uyğun qurulması Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu bir daha sübut etdi. Bu uğurlu təşkilatçılıq ölkəmizin qlobal platformalarda etibarlı tərəfdaş və mühüm dialoq məkanı kimi rolunu daha da gücləndirdi.

Nəticə etibarilə, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və ölkəmizin qlobal urban inkişaf gündəliyində artan rolunun növbəti parlaq təqdimatı oldu. Forum bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, dünyanın gələcək inkişaf trendlərinə töhfə verən, yeni yanaşmalar formalaşdıran və real inkişaf modeli ortaya qoyan güclü dövlətdir.

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
19
31
musavat.com

10Mənbələr