Bakı, 22 may, AZƏRTAC
Azərbaycan regionda sabit və inkişaf edən mərkəz, həmçinin şəhər inkişafı üzrə qlobal dialoq üçün mühüm platforma rolunu möhkəmləndirir.
Bunu AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, korporativ məsləhət, şirkətlərin birləşməsi və satınalmalar sahəsində ixtisaslaşan, Polşa və beynəlxalq bazarlarda 20 ildən artıq iş təcrübəsinə malik hüquqşünas Qjeqoj Qayda bildirib.
Onun sözlərinə görə, tədbirdə iştirak onun üçün dəyərli təcrübə olub. Hüquqşünas Bakıya ilk dəfə gəldiyini qeyd edib və şəhərin gözlədiyindən xeyli böyük olduğunu, həmçinin təmizliyi, yaşıllıq zonaları və inkişaf etmiş şəhər infrastrukturu ilə onda çox müsbət təəssürat yaratdığını qeyd edib.
Agentliyin həmsöhbəti ayrıca olaraq şəhərin nəqliyyat sisteminin rahatlığını vurğulayaraq avtobuslardan istifadənin sadəliyini və bank kartı ilə ödəniş imkanını qeyd edib. Onun fikrincə, bu, şəhər xidmətlərinin müasir səviyyəsini əks etdirir.
Qjeqoj Qayda WUF13-ün əhəmiyyətini dəyərləndirərək bildirib ki, Azərbaycan artan iqtisadiyyata malik sabit ölkə kimi özünü göstərir. Tədbir urbanistika sahəsində çalışan mütəxəssislər üçün mühüm görüş məkanı olmaqla yanaşı, təcrübə mübadiləsinə və peşəkar əməkdaşlığın inkişafına da töhfə verir.
Müxbir – Tamilla Məmmədova