ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Kuba son illərin ən ağır iqtisadi və siyasi dövrlərindən birini yaşayır. ABŞ-nin sərtləşən sanksiyaları və enerji məhdudiyyətləri ölkədə yanacaq qıtlığını dərinləşdirib, qiymətləri yüksəldib və elektrik kəsintilərini gündəlik həyatın bir parçasına çevirib. Enerji böhranı kritik həddə çatıb, bəzi bölgələrdə günün böyük hissəsində işıq kəsilir. Bu isə artıq sosial narazılığı səssiz şəkildə deyil, açıq şəkildə böyüdür.
Vaşinqtonun “maksimum təzyiq” siyasəti sanksiyalar, ticarət qadağaları və diplomatik sıxışdırmalarla daha da sərtləşir. Kuba isə bu təzyiqlərin içində həm iqtisadi nəfəs, həm də siyasi sabitlik axtarır.
“Qafqazinfo” Kubanın dünəni, bu günü və ümumi mənzərəsinə nəzər salır:
Karib dənizində yerləşən Kuba 3700-dən çox adadan ibarət arxipelaqın mərkəzini təşkil edir. Sahəsinə görə dünyanın 13-cü ən böyük adası olan Kuba Meksika körfəzinə yaxın strateji mövqeyi ilə regionun açar nöqtələrindən sayılır.
1902-ci ildən istifadə olunan Kuba bayrağı mavi və ağ zolaqlar, qırmızı üçbucaq və ağ ulduzdan ibarətdir. Mavi zolaqlar ölkənin üç tarixi bölgəsini, ağ rəng azadlıq və sülhü, qırmızı üçbucaq mübarizə və qurbanları, ulduz isə müstəqilliyi simvolizə edir.
.jpg)
Ölkənin paytaxtı Havana Karibin ən böyük və ən canlı şəhərlərindən biridir. Santyaqo-de-Kuba və Pinar-del-Rio kimi şəhərlər isə həm iqtisadi, həm də turizm baxımından önəmli mərkəzlərdir. Təxminən 11 milyon əhalisi olan ölkədə insanların əksəriyyəti şəhərlərdə yaşayır, orta ömür isə kişilərdə 76, qadınlarda 81 yaş civarındadır.
Kuba iqtisadiyyatı, əsasən, dövlətin nəzarətindədir və turizm, kənd təsərrüfatı, səhiyyə və biotexnologiya əsas dayaqlar hesab olunur. Son illərdə xüsusilə biotibbi və əczaçılıq sahəsində irəliləyiş cəhdləri diqqət çəkir. Güclü sosial göstəricilərə baxmayaraq, iqtisadi sıxıntılar təhsil və səhiyyə kimi sistemlərin də nəfəsini daraldır.
Havana təkcə siyasi mərkəz deyil, həm də tarixin daşlaşdığı bir şəhərdir - Morro Qalası, İnqilab Muzeyi və Bellas Artes de la Habana kimi məkanlar onun mədəni yaddaşının simvollarıdır.
.jpg)
Santyaqo-de-Kuba liman şəhəri kimi ölkənin ikinci böyük mərkəzidir və bir zamanlar paytaxt statusu daşıyıb. Trinidadın kolonial küçələri, Varaderonun çimərlikləri və Vinalesin kənd mənzərələri isə Kubanın fərqli üzlərini bir araya gətirir.
Kuba haqqında bir sıra maraqlı faktlar var. Məsələn, Kubada yalnız bir dəfə qar yağdığı deyilir. Tropik iqlim olduğundan burada su donmur, ona görə də qar nadir hadisədir. Kubadakı həyat hər kəs üçün maraq mənbəyidir, hər kəs bir dəfə də olsa, bu ölkəyə səyahət etmək istəyir. O, rəngarəng ada dövləti kimi tanınır. Kubanın həyat tərzi çox ailəyönüllüdür. Hər bayramda əyləncələr keçirilir. Ora rəqs etməyi sevən canlı, enerjili insanlarla doludur.
.jpg)
Rəsmi dil ispan dilidir, din isə dövlət tərəfindən məhdudlaşdırılmır, katoliklik və Afro-Kuba inancları paralel şəkildə mövcuddur. Valyuta Kuba pesosudur (CUP), keçmişdəki ikili valyuta sistemi artıq ləğv edilib.
Coğrafi baxımdan Kuba ABŞ-nin cənubunda, Meksika və Baham adalarının yaxınlığında, Karibin mərkəzində yerləşir və bu mövqe onu həm iqtisadi, həm də siyasi baxımdan həssas bir nöqtəyə çevirir. Ölkə Şimali Amerika qitəsinə daxildir və uzun illər sosialist idarəetmə modeli ilə tanınıb.
.jpg)
Yüksək savadlılıq, geniş səhiyyə sistemi və güclü sosial proqramlar Kubanın ən çox vurğulanan tərəfləridir. Hazırda bu sistemlər iqtisadi təzyiq altında dözümlülük sınağından keçir. Musiqi və rəqs isə bütün çətinliklərin içində Kubanın gündəlik ritmini yaşadan ən canlı nəfəs olaraq qalır. Kubanın sadə, amma zəngin mətbəxi düyü, qara lobya, banan və ət yeməkləri ilə Karib ruhunu süfrəyə daşıyır.
“Soyuq müharibə”nin qaynar mərkəzi…
1959-cu il 1 yanvar… Kuba tarixində bir rejimin süqutundan daha artıq bir an - bütöv bir qitənin siyasi nəfəsinin dəyişdiyi gün kimi yadda qaldı. Fidel Kastronun rəhbərlik etdiyi inqilabın qələbəsi ölkənin siyasi quruluşunu kökündən dəyişdirərək, Kubanı “Soyuq müharibə”nin ən gərgin geosiyasi mərkəzlərindən birinə çevirdi.
Bu inqilabın kökləri illərlə yığılan sosial ədalətsizlik, iqtisadi uçurum və siyasi sabitsizlikdə idi. 1950-ci illərdə Kuba Fulgensio Batistanın hərbi diktaturası altında yaşayırdı. ABŞ-nin dəstəklədiyi bu rejim zamanla korrupsiya, repressiya və dərin ictimai narazılığın simvoluna çevrilərək öz dayaqlarını itirirdi.
.jpg)
Məhz belə bir mühitdə gənc hüquqşünas Fidel Kastro tarix səhnəsinə çıxır. 1953-cü ildə Monkada kazarmasına edilən hücum uğursuzluqla nəticələnsə də, bu hadisə onun adını bir ideyanın başlanğıcına – dəyişikliyin qaçılmazlığına çevirir.
1955-ci ildə azadlığa çıxan Kastro Meksikada mübarizəni yenidən qurur. Burada argentinalı inqilabçı Ernesto “Çe” Gevara ilə tanışlıq hərəkatın ruhunu formalaşdırır. Onların birgə qərarı Kubaya qayıdaraq, silahlı mübarizəni davam etdirmək olur.
.jpg)
1956-cı ildə “26 İyul Hərəkatı” “Granma” yaxtası ilə Kubaya dönür. Ağır itkilərlə başlayan yol Sierra-Maestra dağlarında möhkəmlənir və zamanla xalqdan dəstək alır. Partizan müharibəsi ölkənin müxtəlif bölgələrinə yayılaraq rejimi zəiflətməyə başlayır.
1958-ci ilin sonuna doğru artıq tarazlıq dəyişir. İnqilabi qüvvələr strateji şəhərləri bir-bir ələ keçirir. Nəticədə 1959-cu il 1 yanvarda Batista ölkəni tərk edir və Fidel Kastronun rəhbərlik etdiyi qüvvələr Havanaya daxil olaraq qələbəni elan edirlər.
Bu gün Kuba inqilabı təkcə bir rejimin dəyişməsi deyil, Latın Amerikasında yeni bir tarixi mərhələnin başlanğıcı kimi qəbul edilir.
.jpg)
Dəyişiklik zamanı…
İnqilabdan sonra Fidel Kastronun rəhbərlik etdiyi hökumət Kubanı dərin bir transformasiya yoluna çıxardı. Torpaq islahatları həyata keçirildi, təhsil və səhiyyə sistemi genişləndirildi, xarici şirkətlər isə mərhələli şəkildə dövlət nəzarətinə keçdi. Bu dəyişikliklər ölkə daxilində sosial quruluşu yenidən formalaşdırsa da, ABŞ ilə münasibətləri kəskin şəkildə gərginləşdirdi.
1961-ci ildə ABŞ-nin dəstəklədiyi Donuzlar Körfəzi əməliyyatının uğursuzluğu Kubanın xarici siyasətində dönüş nöqtəsinə çevrildi və ölkəni Sovet İttifaqına daha da yaxınlaşdırdı. Ardınca 1962-ci il Kuba Raket Böhranı (Karib böhranı) “Soyuq müharibə”nin ən təhlükəli anlarından biri kimi tarixə düşdü və Kubanı iki supergüc arasında birbaşa qarşıdurmanın mərkəzinə çevirdi.
Tənqidlər...
1960-1970-ci illər Kuba üçün Sovet İttifaqının iqtisadi və siyasi dayağı ilə formalaşan yüksəliş dövrü oldu. Təhsil və səhiyyə sahələrində ciddi irəliləyişlər əldə edildi, Kuba bu istiqamətlərdə Latın Amerikasında nümunə göstərilən ölkələrdən birinə çevrildi.
.jpg)
Lakin bu dövr, eyni zamanda, siyasi sistemin sərtləşməsi ilə yadda qaldı. Təkpartiyalı idarəetmənin möhkəmlənməsi və müxalif fikirlərə qarşı məhdudiyyətlər beynəlxalq ictimaiyyətdə insan hüquqları ilə bağlı tənqidlərin artmasına səbəb oldu.
“Xüsusi dövr”
1991-ci ildə Sovet İttifaqının süqutu Kuba üçün ağır iqtisadi zərbə oldu. Əsas ticarət və maliyyə dayağını itirən ölkə dərin böhran mərhələsinə daxil oldu. Bu illər Kuba tarixində “Xüsusi dövr” kimi yadda qaldı.
Yanacaq, ərzaq və valyuta qıtlığı gündəlik həyatı çətinləşdirdi. İqtisadiyyatı ayaqda saxlamaq üçün hökumət məcburi şəkildə məhdud bazar islahatlarına getdi — turizm sektorunun genişləndirilməsi, kiçik özəl təşəbbüslərə icazə verilməsi və xarici investisiyaların cəlbi bu mərhələnin əsas addımlarına çevrildi.
.jpg)
1990-cı illər Kuba cəmiyyəti üçün ağır sosial sarsıntılar dövrü oldu. Böhran minlərlə insanı ölkəni tərk etməyə vadar etdi və miqrasiya dalğası kəskin şəkildə artdı.
Dəyişiklik və davamlılıq…
2000-ci illər Kuba üçün ehtiyatlı islahatlar və tədrici dəyişiklik illəri kimi yadda qalır. 2006-cı ildə Fidel Kastro səhhətindəki problemlər səbəbindən hakimiyyəti qardaşı Raul Kastroya təhvil verdi və bununla ölkə yeni siyasi ritmə keçid etdi. Raul Kastronun rəhbərliyi dövründə iqtisadiyyat daha sistemli islahatlarla yenidən formalaşdırılmağa başlandı.
.jpg)
Bu mərhələdə özəl sektorun nəfəs almasına qismən şərait yaradıldı, kənd təsərrüfatında yeni yanaşmalar tətbiq olundu və xarici investisiyalar üçün daha çevik mexanizmlər formalaşdırıldı. Lakin bu açılış ehtiyatlı və mərhələli xarakter daşıyırdı.
Yeni dalğa…
2014-cü ildə ABŞ Prezidenti Barak Obama və Raul Kastro arasında başlayan dialoq onilliklərdir dondurulmuş münasibətlərdə nadir yumşalma anı yaratdı. Diplomatik kanalların açılması Kubaya yeni iqtisadi ümidlər və beynəlxalq əlaqələrdə genişlənmə perspektivi qazandırdı. Lakin bu yaxınlaşma uzun sürmədi. Donald Trampın prezidentliyi dövründə ABŞ siyasəti yenidən sərtləşdi, sanksiyalar genişləndi və normallaşma prosesi yarımçıq qaldı.
Kastrodan sonrakı ilk lider
2018-ci ildə Migel Dias-Kanel dövlət başçısı seçildi və beləliklə, Kuba tarixində Kastro ailəsindən olmayan ilk lider hakimiyyətə gəldi. Yeni rəhbərlik bir tərəfdən iqtisadi islahatları davam etdirməyə çalışır, digər tərəfdən isə sosialist sistemin əsas dayaqlarını qorumağa üstünlük verir.
.jpg)
İqtisadi təzyiq davam edir…
İnqilabdan onilliklər keçsə də, Kuba hələ də struktur iqtisadi çətinliklərin içindədir. COVID-19 pandemiyası turizm sektorunu iflic edərək, ölkənin əsas valyuta mənbələrini zəiflətdi. ABŞ-nin uzunmüddətli embarqosu isə iqtisadi nəfəs imkanlarını daha da daraltdı. Buna cavab olaraq hökumət özəl sektorun genişlənməsi, valyuta sistemində dəyişikliklər və xarici investisiyaların cəlbi kimi addımlarla iqtisadiyyata dinamika verməyə çalışır.
Güclü sosial sistem, zəif resurslar
Kuba iqtisadi çətinliklərə baxmayaraq, təhsil və səhiyyə sahəsində əldə etdiyi nəticələrlə hələ də regionda fərqlənir. Yüksək savadlılıq, aşağı körpə ölümü və geniş səhiyyə şəbəkəsi ölkənin ən çox vurğulanan uğurlarıdır.
Amma bu sistemlər də təzyiq altındadır, resurs çatışmazlığı və maliyyə məhdudiyyətləri xidmət keyfiyyətinə təsir göstərir. Eyni zamanda, insan hüquqları və siyasi azadlıqlarla bağlı tənqidlər davam edir, təkpartiyalı sistem və məhdud siyasi plüralizm beynəlxalq hesabatların daimi mövzusudur.
.jpg)
2021-ci il etirazları isə cəmiyyət daxilində yığılan narazılığın açıq şəkildə üzə çıxdığını göstərdi. Bu, sosial sabitlik və iqtisadi reallıqlar arasındakı gərgin balansın simvoluna çevrildi.
Son illərdə Kuba internetə çıxış imkanlarını genişləndirməyə çalışsa da, rəqəmsal infrastruktur hələ də inkişaf etmiş ölkələrlə müqayisədə zəif qalır. İnternet xidmətləri həm məhdud, həm də yüksək qiymətlidir ki, bu da rəqəmsal transformasiyanın sürətini azaldır.
Xarici siyasətdə Kuba Latın Amerikasında sol yönümlü hökumətlərlə yaxın münasibətlərini qoruyur. Xüsusilə Venesuela ilə əməkdaşlıq ölkə üçün strateji əhəmiyyət daşıyır və əsasən, enerji və neft ticarəti üzərindən formalaşır. Paralel olaraq, Havana son illərdə Çin və Rusiya ilə iqtisadi və diplomatik əlaqələri daha da gücləndirməyə çalışır.
İslahatlar Kubanı böhrandan çıxara biləcəkmi?
Kuba iqtisadiyyatı son illərdə dərinləşən böhranla üz-üzədir. COVID-19 pandemiyası ölkənin ÜDM-nə ciddi zərbə vuraraq 2020-ci ildə 11 faizlik azalmaya, 2021-ci ildə isə yalnız 2 faizlik zəif artıma səbəb oldu.
.jpg)
Bu fonu daha da ağırlaşdıran əsas faktor yüksək inflyasiyadır. Rəsmi göstəricilər 70 faizi aşsa da, müstəqil iqtisadçılar real rəqəmlərin daha yüksək olduğunu bildirirlər. Xüsusilə 2022-2023-cü illərdə qiymət artımının 200 faizə yaxınlaşdığı qeyd olunur.
2021-ci ildə Kuba iqtisadi sabitlik naminə uzun illər mövcud olmuş ikili valyuta sisteminə son verdi. Lakin bu addım gözlənilən rahatlığı gətirmədi, əksinə, qiymətlərin sıçrayışı və inflyasiyanın sürətlənməsi gündəlik həyatı daha da ağırlaşdırdı, iqtisadi təzyiqi isə daha nəzərəçarpan hala gətirdi.
Son illərdə özəl sektor Kubada tədricən nəfəs almağa başlayıb. Hökumət kiçik və orta sahibkarlığa daha geniş imkanlar yaradaraq bir sıra məhdudiyyətləri yumşaldıb. Nəticədə 2021-ci ilin sonuna doğru özəl sektorda çalışanların sayı 700 mini ötüb və bu, ümumi məşğulluğun təxminən 13 faizinə çatıb.
.jpg)
Eyni zamanda, xarici investisiyaların cəlbi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Mariel Xüsusi İnkişaf Zonası bu cəhdlərin simvoluna çevrilsə də, ABŞ embarqosu və siyasi qeyri-müəyyənliklər hələ də ciddi risk olaraq qalır.
İslahatlar kənd təsərrüfatında fermerlərə daha çox sərbəstlik verməyi və yerli istehsalı artırmağı hədəfləyir. Məqsəd idxaldan asılılığı azaltmaq və daxili bazarı gücləndirməkdir.
Amma illərlə formalaşmış mərkəzləşdirilmiş iqtisadi model və zəif infrastruktur sürətli nəticələrə imkan vermir. Ərzaq təhlükəsizliyi isə hələ də ən həssas məsələlərdən biri olaraq qalır, bir çox məhsul üzrə rasion sistemi davam edir, qıtlıq gündəlik həyatın hiss olunan reallığıdır.
İqtisadi çətinliklərə baxmayaraq, Kuba təhsil və səhiyyə sahəsində əldə etdiyi nəticələri qismən qoruyur. Savadlılıq səviyyəsinin 99,8 faizə çatması ölkəni dünya üzrə ən yüksək göstəricilər sırasına çıxarır.
.jpg)
Səhiyyə sistemi pulsuz və geniş əlçatan qalır, aşağı körpə ölümü göstəriciləri isə sosial modelin ən çox vurğulanan uğurlarındandır. Lakin böhran bu sahələrdən də yan keçmir, dərman və avadanlıq çatışmazlığı, eləcə də, infrastruktur zəifliyi getdikcə daha aydın hiss olunur.
Aşağı maaşlar və məhdud imkanlar səbəbindən mütəxəssislərin ölkəni tərk etməsi isə “beyin axını”nı daha da dərinləşdirir.
Kuba rəqəmsal sahədə tədrici irəliləyişlərə çalışır. Mobil internet 2018-ci ildən istifadəyə verilib, internet istifadəçilərinin sayı artmaqdadır. 2021-ci ildə əhalinin təxminən 70 faizinin internetə çıxışı olduğu bildirilir.
Bununla belə, xidmətlərin baha olması və infrastruktur məhdudiyyətləri rəqəmsal inkişafı ləngidir. Dövlət rəqəmsal iqtisadiyyatı genişləndirməyə çalışsa da, hüquqi və texniki baryerlər prosesin sürətini azaldır.
Eyni zamanda biotexnologiya sektoru ölkənin ən ümidverici sahələrindən biri kimi önə çıxır. COVID-19 peyvəndlərinin daxili resurslarla hazırlanması bu potensialın ən parlaq göstəricilərindəndir.
Suallarla dolu gələcək…
Kuba hələ də təkpartiyalı siyasi sistemlə idarə olunur. 2019-cu il konstitusiyası özəl mülkiyyəti tanısa da, Kommunist Partiyasının aparıcı rolu dəyişməz olaraq qalır.
İnsan hüquqları, ifadə azadlığı və siyasi plüralizm mövzularında beynəlxalq tənqidlər davam edir. 2021-ci ildə baş verən kütləvi etirazlar isə cəmiyyətin bir hissəsində yığılan narazılığın açıq ifadəsinə çevrildi.
.jpg)
Nəticə etibarilə, həyata keçirilən islahatlar müəyyən dəyişikliklər yaratsa da, Kuba hələ də dərin struktur problemlərlə üz-üzədir. Ölkənin bu böhrandan çıxış yolu isə iqtisadi açılışın miqyası və beynəlxalq siyasi mühitin necə formalaşacağından birbaşa asılı olaraq qalır.
Son dövrlərdə ABŞ rəsmilərinin Havanaya səfərləri və gizli diplomatik görüşlər barədə iddialar tərəflər arasında həm gərginlik, həm də ehtiyatlı dialoq cəhdlərinin paralel getdiyini göstərir.
.jpg)
Bu proseslər Kubanın gələcək istiqamətinin hələ tam müəyyən olmadığını ortaya qoyur.
Analitiklər üç əsas ehtimal irəli sürür. Bunlar məhdud razılaşma, yəni qismən iqtisadi yumşalma və siyasi güzəştlərlə sabitlik, tədrici çöküş, yəni iqtisadi sistemin idarəolunmaz hala gəlməsi və qeyri-planlı keçid və müttəfiqlərə söykənən davamlılıq, yəni Rusiya və Çinin dəstəyi ilə mövcud sistemin qorunmasıdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.