AZ

"Axios": Qabbardın istefası CIA ilə gizli qarşıdurma fonunda baş verib

BAKI, 23 may. TELEQRAF

ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsindən istefa verən Tulsi Qabbard Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə uzunmüddətli gizli qarşıdurmaya cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Tulsi Qabbardın rəhbərlik etdiyi Milli Kəşfiyyat Direktoru Aparatı ilə CIA arasında aylardır davam edən gərginlik ABŞ Senatının daxili təhlükəsizlik və dövlət islahatları komitəsində keçirilən dinləmələr zamanı ictimaiyyətə məlum olub.

“The Washington Post” qəzeti isə Donald Trampın prezidentliyi dövründə CIA ilə Milli Kəşfiyyat Direktoru Aparatı arasında ciddi fikir ayrılıqlarının yarandığını və Qabbardın istefasının CIA direktoru John Ratcliffe-ın mövqelərini gücləndirə biləcəyini yazıb.

Mayın 13-də Senat komitəsində CIA əməkdaşı Ceyms Erdman ifadə verib. O, bir il ərzində Tulsi Qabbardın yaratdığı “Director’s Initiative Group” (DIG) işçi qrupunda fəaliyyət göstərib.

Həmin qrup səs-küylü işlərlə bağlı araşdırmaların aparılması, sənədlərin açıqlanması və administrasiya siyasətinin pozulmasına yönəlmiş mümkün cəhdlərin müəyyənləşdirilməsi ilə məşğul olub.

Erdmanın yazılı ifadəsində bildirilib ki, CIA DIG qrupunun fəaliyyətinə qanuni nəzarətə mane olub və qrup üzvlərinə qarşı əsassız araşdırmalar aparıb.

Onun sözlərinə görə, CIA bəzi sənədləri və məlumatları həm işçi qrupundan, həm də Tulsi Qabbarddan gizlədib, eyni zamanda qrup üzvlərinin kommunikasiya və kompüter fəaliyyətini izləyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump Tulsi Qabbardın vəzifəsini tərk etdiyini təsdiqləmişdi.

Tramp bildirib ki, Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini müvəqqəti olaraq Qabbardın birinci müavini Eron Lukas icra edəcək.

Tulsi Qabbard istefa qərarını həyat yoldaşının müalicə prosesində ona tam dəstək olmaq istəyi ilə izah edib və səlahiyyətlərin “hamar və diqqətli” şəkildə təhvil veriləcəyini bildirib.

Bu arada “Reuters” agentliyi adı açıqlanmayan mənbəyə istinadən Qabbardın istefaya Ağ ev tərəfindən məcbur edildiyini iddia edib.

Məlumata görə, Trampa yaxın sağçı siyasi fəal Laura Lumer Qabbardın işdən çıxarılmasına çalışıb. Digər tərəfdən, Respublikaçılar Partiyasının tanınmış nümayəndəsi Rocer Stoun onun vəzifədə qalmasını dəstəkləyib.

Qeyd edək ki, Tulsi Qabbard ABŞ-nin 18 kəşfiyyat qurumunun fəaliyyətinin koordinasiyasına cavabdeh şəxs hesab olunur.

Seçilən
61
teleqraf.com

1Mənbələr