İlham ƏLİYEV: "Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq"
Danılmaz faktdır ki, Azərbaycan indiyə kimi xeyli beynəlxalq tədbirə evsahibliyi edərək böyük yol keçib. Daha əvvəl Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi, Qoşulmama Hərəkatının iclası, Humanitar Forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası ( COP 29) və digər tədbirlər bu sahədə ona beynəlxalq təcrübə qazandırıb.
Bu qəbildən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi də Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərin təşkili və yüksək səviyyədə təqdim olunmasından dolayı imkanlarını bir daha nümayiş etdirdi. WUF13-ün Bakıda gerçəkləşməsi ölkənin dayanıqlı şəhərsalma, "yaşıl inkişaf", müasir infrastruktur və innovativ idarəetmədə həyata keçirdiyi siyasətə beynəlxalq marağın artdığını göstərdi. Təsadüfi deyil ki, tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev məhz bu amili vurğuladı: "Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına evsahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik".
Maraqlıdır ki, WUF13 çərçivəsində müzakirə olunan dayanıqlı şəhərsalma, müasir infrastrukturun qurulması, "yaşıl texnologiya"ların tətbiqi və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması məsələləri Azərbaycanın həyata keçirdiyi Böyük qayıdış proqramı ilə üst-üstə düşüb. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir şəhərsalma prinsiplərinə uyğun həyata keçirilir. Bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, ekoloji tarazlığın qorunması, "yaşıl enerji" mənbələrindən istifadə və dayanıqlı infrastrukturun qurulması Azərbaycanın həmin istiqamətdə beynəlxalq təcrübəyə əsaslanan yanaşmasının göstəricisidir.
Tədbiri Böyük qayıdış prosesinin beynəlxalq ictimaiyyətə daha geniş təqdim olunması baxımından mühüm platforma kimi də qiymətləndirmək olar. Sessiya iştirakçıları azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, müasir yaşayış məntəqələrinin salınması və regionun sosial-iqtisadi dirçəlişi ilə bağlı aparılan işlər barədə ətraflı məlumat əldə etmək imkanı qazandılar. Bu da Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dayanıqlı inkişaf modelini uğurla tətbiq etdiyini və həmin əraziləri regionun ən müasir yaşayış və iqtisadi məkanlarından birinə çevirməyi hədəflədiyini sərgiləyir.
13-cü sessiyanın açılışında çıxış edən Prezidenti İlham Əliyev həmin məqamlara xüsusi toxunaraq, Qarabağ və Şərqi Zənəzurda genişmiqyaslı bərpa - quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı dövlət siyasətinin əsas prioritetlərindəndir: "Hazırda Böyük qayıdış proqramı həyata keçirilir, şəhər və kəndlərin baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub".
Onu da qeyd edək ki, WUF13 Prezident İlham Əliyevin postmünaqişə gündəliyini təqdim etmək üçün geniş platforma oldu. Bu tədbir Azərbaycanın müharibədən sonrakı bərpa və inkişaf strategiyasını dünya ictimaiyyətinə nümayiş etdirməyə imkan verdi. Dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan nümunəsi sülh və tərəqqi prosesində şəhərsalmanın rolunu ön plana çıxardı və regionda infrastruktur layihələrinin strateji əhəmiyyətini nümayiş etdirdi. WUF13 həm beynəlxalq, həm də regional əməkdaşlığın gücləndirilməsi, investisiyaların təşviqi və innovativ şəhərsalma həllərinin müzakirəsi baxımından mühüm platforma rolunu oynadı. Forumu Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq və ölkənin liderlik nüfuzunu daha da gücləndirmək baxımından önəmli bir tədbir kimi qiymətləndirmək doğru olar.
WUF13 qlobal problemlərlə bağlı açıq dialoqun aparıldığı əməkdaşlıq məkanı kimi də diqqət çəkdi. Forum hər keçən gün fərqli baxışların və təcrübələrin paylaşılması üçün təhlükəsiz və konstruktiv mühit formalaşdırdı. İştirakçılar dayanıqlı şəhərlərin qurulması, insan yönümlü urbanizasiya siyasəti, rəqəmsal texnologiyaların tətbiqi və "yaşıl inkişaf" modelləri ilə bağlı fikir mübadiləsi apardılar.
Desək ki, tarixinin ən böyük WUF-u Bakı WUF-udur, qətiyyən səhv etmərik. Çünki o təkcə şəhərsalma və urbanizasiya sahəsində müzakirələrin aparıldığı bir platforma olmaqla kifayətlənmədi, bərpa strategiyalarının, innovativ infrastruktur mexanizmlərinin və dayanıqlı inkişaf modellərinin dünya ictimaiyyətinə təqdim olunduğu unikal bir məkan rolunu oynadı. Üstəlik, qlobal həmrəylik, investisiya və əməkdaşlıq imkanlarının təşviqi baxımından ölkəmizin nüfuzunu bir qədər də gücləndirərək, Azərbaycanın sülh, tərəqqi və urbanizasiya sahəsindəki liderliyini nümayiş etdirdi.
Bu qlobal tədbir müxtəlif siyasi və coğrafi məkanlardan olan iştirakçıların qarşılıqlı etimad şəraitində bir araya gəlməsinə də imkan yaradıb. WUF13-ün təhlükəsiz və yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşdırdığı təcrübəni bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif yerlərindən gəlmiş nümayəndələr üçün açıq olan dialoq mühiti qlobal problemlərin birgə həlli istiqamətində əməkdaşlığın gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ortaq təşəbbüslərin formalaşmasına şərait yaratdı. Unutmaq olmaz ki, dünya Prezident İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı. Onun təşəbbüsü ilə ilk dəfə keçirilmiş liderlər sessiyası şəhərsalma üzrə müzakirələri qlobal müstəviyə çıxararaq, onun siyasi çəkisini artırdı.
Qlobal forum göstərdi ki, müasir dövrdə şəhərsalma yalnız infrastruktur məsələsi deyil, eyni zamanda sosial rifah, təhlükəsizlik, ekoloji tarazlıq və iqtisadi inkişafla birbaşa bağlı olan strateji istiqamətdir. Bu baxımdan forum qlobal problemlərin müzakirə edildiyi, ortaq həll yollarının axtarıldığı və beynəlxalq həmrəyliyin təşviq olunduğu mühüm platforma kimi ön planda oldu.
WUF13-ün Bakıda dünən son iş günü idi. Ötən bir həftə ərzində dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr, ekspertlər və rəsmi şəxslər bir araya gələrək müxtəlif təcrübələri bölüşdülər və qlobal çağırışların həlli istiqamətində mühüm fikir mübadiləsi apardılar. Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi və qlobal həmrəyliyin təşviqi üçün əhəmiyyətli məkan olduğunu sübut etdi. Forum həmçinin azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin beynəlxalq ictimaiyyət üçün nümunə olduğunu nümayiş etdirdi.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"