AZ

Bakı-Tbilisi qatarının bərpası turizmin inkişafına necə TƏSİR EDƏCƏK?

Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.

Bakı – Tbilisi – Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Maraqlıdır, Bakı-Tbilisi marşrutu üzrə sərnişin daşımalarının bərpası turizmin inkişafına necə təsir edəcək?

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov Bizim.Media-ya açıqlamasında bildirib ki, sərnişin qatarının iki ölkə arasında açılması Azərbaycandan Gürcüstana, onun üzərindən tranzit digər ölkələrə gedənlərin sayını artıracaq:
 

“Həmçinin, Gürcüstandan Azərbaycana gələn turistlərin sayını, Gürcüstanda olan turistlərin bir hissəsinin qatar yolu vasitəsilə Azərbaycana gəlmək imkanlarını da artıracaq. Nəzərə alsaq ki, qonşu Türkiyə böyük bazardır və Gürcüstana kifayət qədər vətəndaşı qruplarla gedir, Azərbaycana quru sərhədləri bağlı olduğu üçün həmin qrupların qatarla gəlmək imkanları da genişlənmiş olacaq.


Pandemiya dövründən bəri ölkəmizdə turizm bazarı tam bərpa olunmayıb. 2019-cu ildə Azərbaycandan Gürcüstana 1,6 milyon vətəndaşı gedib. Onlardan bir qismi Gürcüstandan tranzit kimi istifadə edərək üçüncü ölkələrə səfər edirdi. Oradan geri isə 725 min Gürcüstan vətəndaşı gəlirdi. Keçən ilki rəqəmlər bundan təxminən, 5 dəfə azdır. Bu baxımdan, sərnişin qatarının açılması iki ölkə arasında turist gediş-gəlişlərini aktivləşdirəcək”.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
31
1
bizim.media

2Mənbələr