futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Sumqayıt”ın baş məşqçisi Saşa İliçin klubla müqaviləsi bitir. Bu səbəbdən onunla yolların ayrılacağı barədə “ehtimal əsaslı xəbərlər” tirajlanır.
Dünən keçirilən son turun oyunundan sonra (“Sumqayıt” – “Qarabağ” 3:4) İliçə analoji mövzuda verilən suala təkzib gəlmədi. Nə də klub bu məsələyə münasibət göstərib…
“Futbolpress.az”ın əldə etdiyi məlumata görə, “Sumqayıt” İliçlə davam etmək istəyir. Hələ yanvarda Antalyada keçirilən təlim-məşq toplanışında klubun prezidenti Riad Rəfiyev saytımıza müsahibəsində bildirmişdi ki, İliçin burda qalması üçün əlindən gələni edəcək.
Serbiyalı mütəxəssisin tələbləri isə klubun imkanlarını aşır. Saşa mövsümün əvvəlində avroliqalara vəsiqə uğrunda mübarizə aparacaqlarını bildirsə də, 7-ci yerlə kifayətlənməli oldular.
Gələn mövsüm klubun eyni hədəfi qoyması üçün isə İliçin planı yerinə yetirilməlidir. Şərtə görə o, legionerlərin çoxluq təşkil etdiyi heyət istəyir. Lakin klubun büdcəsi buna uyğun deyil.
Ötən mövsümün yekunlarına görə “kimyaçılar” ən çox yerli futbolçu oynadan komanda olub və buna görə “legioner limiti” qaydalarına əsasən AFFA tərəfindən 300 min manata yaxın mükafat əldə edəcək. Ancaq İliçin tələblərinə uyğun heyət formalaşdırmaq üçün bu miqdar yetərli olmayacaq. Klubun isə yeni sponsorlar cəlb etmək imkanları yüksək deyil.
Hərçənd, Rəfiyevin bütün rıçaqları işə saldığı və İliçi itirməmək üçün yeni imkanlar axtardığı deyilir.
O, bunu bacaracaqmı?
İliçə simpatiya ekstra büdcə artımı riskinə getməyə əsas verirmi?
Proseslərin gedişatına baxıb düşünmək olar ki, “Sumqayıt”ın bütün imkanları səfərbər etməsi İliçin baş məşqçi postunda qalmasına hesablanıb. Bu halda da nəticəyə nail olunmasa, Rəfiyevin məsuliyyəti ağırlaşacaq.
Açıq qalan suallar və naməlum vəziyyət. Pozitiv yeganə məqam odur ki, hələ kifayət qədər vaxt var.
Kamil Əhməd
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.