AZ

“Ginnesin Rekordlar Kitabı”na adı düşən azərbaycanlı: “Öz rekordumu da yeniləmək istəyirəm” – MÜSAHİBƏ

Bildiyiniz kimi, Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

Milli komandanın üzvü bu ilin aprel ayında “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. Gənclər və İdman Nazirliyinin, Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.

Nihad Məmmədov Bizim.Media-ya müsahibəsində bu uğurundan, onu qazanma yollarından, Azərbaycanda tennisə maraqdan danışıb.

- Öncəliklə, özünüzlə bağlı ətraflı məlumat verməyinizi xahiş edirəm. Stolüstü tennisə nə zaman və necə başlamısınız?

Mən stolüstü tennis üzrə peşəkar idmançıyam və uzun illərdir bu idman növü ilə məşğulam. Stolüstü tennisə uşaqlıq yaşlarımdan başlamışam. İlk vaxtlardan bu idmana böyük marağım var idi və zaman keçdikcə bu maraq mənim həyat tərzimə çevrildi. Gündəlik məşqlər, turnirlər və öz üzərimdə davamlı çalışmağım məni bugünkü səviyyəyə gətirdi.


- “Ginnesin Rekordlar Kitabı”na adınızı yazdırmısız. Təssüratlarınız nə olardı?  


“Guinness World Records” rekorduna nail olmaq mənim üçün çox böyük qürur və unudulmaz hissdir. Azərbaycan bayrağını dünya səviyyəsində təmsil etmək və adımı tarixə yazdırmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Rekord təsdiqləndiyi an yaşadığım sevinc və qürur hissini sözlə ifadə etmək çox çətindir.

- Rekorda hazırlaşmaq üçün nə qədər vaxt sərf etdiniz?

Bu rekorda hazırlaşmaq üçün uzun müddət xüsusi məşqlər etmişəm. Xüsusilə, servis texnikası, topun trayektoriyası və dəqiqlik üzərində ciddi şəkildə çalışırdım. Rekord cəhdi həm fiziki, həm də psixoloji baxımdan böyük diqqət və səbir tələb edirdi.

- Ən son türkiyəli Osman Gürcü buna nail olmuşdu. Bu rekordu yeniləmək üçün çalışmalarda və rekordu yeniləyən zaman sizin üçün çətin olan nələrsə var idimi?

Belə bir nəticəni yeniləmək mənim üçün həm motivasiya, həm də məsuliyyət idi. Hazırlıq prosesində ən çətin məqamlardan biri sabitliyi qorumaq və hər detalı dəqiq hesablamaq idi. Rekord anında isə həyəcanı idarə etmək ən vacib amillərdən biri oldu.


- Növbəti hədəfiniz nədir? Ümumiyyətlə, öz rekordunuzu yeniləmək istəyirsiniz?


Növbəti hədəflərim daha böyük uğurlar qazanmaq, beynəlxalq yarışlarda ölkəmi layiqincə təmsil etmək və yeni rekordlara imza atmaqdır. Əlbəttə, gələcəkdə öz rekordumu yeniləmək də istədiyim məqsədlərdən biridir.

- Azərbaycanda stolüstü tennisin inkişafını və bu sahəyə azarkeş marağını necə qiymətləndirirsiniz?

Azərbaycanda stolüstü tennisin inkişaf etdiyini düşünürəm. Son illərdə bu idman növünə maraq daha da artır, xüsusilə gənclər arasında böyük potensial var. İnanıram ki, gələcəkdə Azərbaycan stolüstü tennisdə daha böyük uğurlar əldə edəcək.

- Bu gün Tacikistanda beynəlxalq yarışda iştirak edəcəksiniz. Gözləntiləriniz nələrdir və necədir?

Tacikistanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəyəm. Yarışdan gözləntilərim yüksəkdir. Məqsədim yaxşı nəticə göstərmək, təcrübə qazanmaq və ölkəmi ən yaxşı şəkildə təmsil etməkdir.

- Son olaraq bu sahənin ümumi çətin və maraqlı tərəfləri barədə danışmağınızı istərdim.

Stolüstü tennis həm çox çətin, həm də çox maraqlı idman növüdür. Bu idmanda sürət, reaksiya, dəqiqlik və psixoloji hazırlıq çox önəmlidir. Eyni zamanda hər oyunda yeni emosiyalar və fərqli təcrübələr yaşamaq bu sahəni daha maraqlı edir.


Naibə Məmmədova, Bizim.Media

Seçilən
31
1
bizim.media

2Mənbələr