Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.
“Azərbaycanın ev sahibliyi etdiyi World Urban Forum 13 ölkəmizin müasir inkişaf modelinin, dayanıqlı şəhərsalma siyasətinin və postmünaqişə bərpası sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm strateji əhəmiyyət daşıyır”.
Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva xalqcebhesi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, UN-Habitat tərəfindən təşkil olunan bu nüfuzlu forumun Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin ölkəmizə olan yüksək etimadının göstəricisidir:
“Bu tədbir Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən humanitar diplomatiya, mədəni irsin qorunması və multikultural dəyərlərin təşviqi istiqamətində görülən işlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.
WUF13 Azərbaycanı regionda dayanıqlı inkişaf və innovativ şəhərsalma siyasətinin aparıcı mərkəzlərindən biri kimi təqdim edir.
Forum çərçivəsində beynəlxalq ekspertlər və investorlar Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər”.
Deputat vurğulayıb ki, forumun əsas əhəmiyyətli tərəflərindən biri Azərbaycanın postmünaqişə bərpası modelinin beynəlxalq platformada təqdim edilməsidir:
“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi artıq beynəlxalq səviyyədə unikal inkişaf nümunəsi kimi qiymətləndirilir. Azərbaycan dağıdılmış şəhərləri sadəcə bərpa etmir, onları XXI əsrin çağırışlarına uyğun şəkildə yenidən layihələndirir. Ağdam, Füzuli, Şuşa və Zəngilan şəhərlərində həyata keçirilən layihələr “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının uğurlu tətbiqini nümayiş etdirir.Burada məqsəd yalnız yeni yaşayış məntəqələri yaratmaq deyil, təhlükəsiz, dayanıqlı, ekoloji və yüksək həyat keyfiyyətinə malik şəhər mühiti formalaşdırmaqdır”.
Mehriban Vəliyeva əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi mühüm töhfələrdən biridir:
“Günəş, külək və hidroenerji layihələrinin inkişafı regionun enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, karbon emissiyalarının azaldılması istiqamətində də mühüm rol oynayır.WUF13 Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir və ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini və humanitar yanaşmasını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından böyük əhəmiyyət daşıyır”.
Günel Elxan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.