AZ

Moskvadan İrəvana iqtisadi zərbə: Rusiya erməni konyakını rəsmən qadağan etdi

Rusiya ilə Ermənistan arasında siyasi müstəvidə alovlanan münaqişə və qarşılıqlı ağır ittihamlar, gözlənildiyi kimi, dərhal iqtisadi cəbhəyə də sıçrayıb. Moskvanın İrəvan rəhbərliyinin Qərbmeylli siyasətinə cavab olaraq Ermənistan iqtisadiyyatının şah damarı sayılan alkoqol sənayesinə qarşı sarsıdıcı cəza tədbirlərinə başladığı barədə rəsmi qərar elan olunub.

Musavat.com xəbər verir ki, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi sahəsində Federal Xidməti ("Rospotrebnadzor") ölkə bazarında apardığı yoxlamalar zamanı Ermənistandan idxal edilən konyak və şərab məhsullarında "icbari texniki təhlükəsizlik tələblərinə uyğunsuzluq" aşkar edib və bu məhsulların bütün Rusiya ərazisində satışının təcili olaraq dayandırılması barədə rəsmi və qəti sərəncam verib.

Rəsmi qurumun qərarı ilə Ermənistanın ən böyük alkoqollu içki istehsalçısı olan üç nəhəng şirkətin məhsullarına tam qadağa qoyulub:

"VEDİ-ALKO" şirkəti

Abovyan Konyak Zavodu

"Şahnazaryan" Şərab və Konyak Evi

Federal xidmətin yaydığı rəsmi məlumatda həmçinin qeyd olunur ki, analoji ciddi "uyğunsuzluqlar" və keyfiyyət qüsurları Ermənistanda istehsal olunan üç fərqli məşhur şərab markasında da rəsmən qeydə alınıb və həmin məhsullar da ticarət şəbəkələrindən təcili yığışdırılır.

Siyasi və iqtisadi ekspertlər Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Paşinyanı hədəf alan "Rusiya qazını ucuz alıb bizə xəyanət edirlər, buna son qoyulacaq" bəyanatından dərhal sonra verilən bu qadağanı Kremlin Ermənistana qarşı başlatdığı irimiqyaslı iqtisadi blokadanın ilk rəsmi addımı kimi qiymətləndirirlər.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr