Məsələni dəqiqləşdirmək üçün ADY ilə əlaqə saxladıq. Qurumdan Ajans.az-a bildirilib ki, qatar biletlərinin qiymətləri sabit deyil və bir neçə amildən asılı olaraq dəyişir. Qiymətlər məsafəyə, vaqonun sinfinə (komfort, komfort plus, lüks) və seçilən yerə görə fərqlənir. ADY rəsmisi vurğulayıb. “Məsələn, bəzi tarixlərin sistemdə görünməməsi həmin günlər üzrə biletlərin artıq tam satılması ilə bağlıdır. Əgər istifadəçi sistemdə 200 manatdan yuxarı qiymət görürsə, bu, o deməkdir ki, daha ucuz siniflər (komfort və komfort plus) artıq satılıb və yalnız lüks yerlər qalıb. Bu isə qiymət artımı kimi başa düşülməməlidir.”
Həmçinin, qeyd edilib ki, eyni vəziyyət digər tarixlər üçün də keçərlidir. Bəzi günlərdə lüksdən başqa bütün siniflər satılmış olur və sistem bunu avtomatik olaraq göstərir. Bəxtiyar Hacıyev açıqlayıb ki, biletlər satışa adətən səfər tarixindən bir ay əvvəl çıxarılır və sərnişinlər həmin vaxt daha sərfəli qiymətlərlə bilet əldə edə bilirlər. Sistemdə yüksək qiymətin görünməsi ümumi qiymət artımı demək deyil, sadəcə olaraq aşağı qiymətli siniflərin artıq satıldığını göstərir.