Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Hazırda inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda su itkilərinin səviyyəsi yüksəkdir. Bu itkilərin bir hissəsi kommersiya itkiləridir, yəni verilən suyun ödənişə cəlb olunmayan hissəsidir. Digər hissəsi isə ictimai bulaqlara və müəyyən ərazilərə verilən, ödənişsiz istifadə olunan sudur".
Lent.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov APA-ya müsahibəsində bildirib.
İlham Bayramovun sözlərinə görə, başqa bir hissə isə fiziki itkilərdir:
"İlkin təhlillər göstərir ki, fiziki itkilərin həcmi kommersiya itkilərindən daha çoxdur. Bu itkilər su mənbələrindən və anbarlardan magistral xətlərə, oradan isə son istehlakçıya qədər olan şəbəkələrdə baş verir. Qəzalar və sızmalar nəticəsində yaranan itkilərin də payı kifayət qədər yüksəkdir.
Nəticədə müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə şəhərin təzyiq zonaları və magistral xətlərin istiqamətlərinə uyğun olaraq ölçülə bilən idarəetmə zonalarının yaradılması istiqamətində işlər aparılır.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Bakı, Gəncə və Şəki şəhərlərində belə zonaların yaradılması, yeni texnologiyaların tətbiqi və su itkilərinə qarşı mübarizə strategiyası hazırlanıb. Hazırda bu sənəd üzərində iş aparılır. Təbii ki, burda müasir yanaşmalar və texnologiyaların tətbiqi zəruridir.
Buna qədər gördüyümüz işlər çərçivəsində, ADSEA tərəfindən su istehlakçılarının və potensial istehlakçı obyektlərin uçotu həyata keçirilir. Hazırda 895 mindən çox tikili qeydiyyata alınıb. Bu tikililərin qeydiyyatı zamanı müəyyən edilir ki, tikili su istifadə edir, ya yox, istifadə edirsə, abonent statusu və ya müqaviləsi varmı?
Beləliklə, inventarizasiya çərçivəsində qanunsuz su istifadəsi halları aşkar olunur və bunlara qarşı sistemli tədbirlər həyata keçirilir. Xüsusi olaraq hazırlanmış fəaliyyət planları əsasında qanunsuz istifadələr aşkar olunur və mövcud qanunvericiliyə uyğun tədbirlər görülür. Dəymiş zərər hesablanır, cərimələr tətbiq edilir və zəruri olduqda su təchizatı dayandırılır. Dəymiş zərərin məbləği yüksək olduqda isə qanunvericiliyə uyğun olaraq cinayət işi başlanır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.