BAKI, 23 may. TELEQRAF
Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- İqbal bəy, Ermənistanda iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində gərginlik pik həddə çatır. Hazırkı Baş nazir Nikol Paşinyanla rəqibləri arasında ciddi ittihamlar əsasında qarşılıqlı iddialar səslənir. Bunun fonunda seçkilərlə bağlı gözləntilər nədən ibarətdir? Nəhayət erməni cəmiyyəti sülh və müharibə çağırışlarına növbəti dəfə necə reaksiya verəcək?
- Hələlik seçki təbliğatının başa çatmasına 15 günlük bir marafon var. Tərəflər arasında emosiyalar qızışır və daha fərqli təbliğat metodları gündəmə gətirilir. Bir çox hallarda təbliğat aparanlar emosiyaların təsiri altında əsəblərinə hakim ola bilmirlər. Ona görə də fərqli sözlər də işlədilir. 1980-ci ildə ABŞ-də prezidentliyə namizəd olan Cimmi Karter ümumi seçkidə ABŞ Respublikaçılar partiyasından namizəd Ronald Reyqana uduzmuşdu. Bu ən sonda bir nüansa görə baş vermişdi ki, “amerikalılar bu cür yaşamaq istəyirlərsə, köhnə prezidentə, başqa cür yaşamaq istəyirlərsə, mənə səs versinlər” - deyə bir mesajla Reyqan tele-debatda nəticələri dəyişməyə nail olmuşdu. Ermənistanda da seçkilərin nəticələri ilə bağlı ilkin proqnozlar arasında ciddi fərq yoxdur. Revanşistlərin təmsilçisi olan hərbi cani Robert Köçəryanla Paşinyan arasında 28,8-28,9 faiz nisbətində bir fərq var. Bu isə mütləq mənada hökumət qurmağa yetərli görünmür. Sözsüz ki, Paşinyanla bağlı digər rəy sorğuları da mövcuddur. Amma bütün bunlar nəticəni deməyə ciddi əsas deyil.

- Kənar faktorların təsiri ilə bağlı iddialar səslənir. Xarici müdaxilə ilə Ermənistanda seçkinin gedişini dəyişmək mümkün ola bilərmi?
- Bir neçə gün öncə Köçəryanın Rusiya Prezidenti Vladimir Putinə müraciətini əks etdirən səs yazısının olması da prosesləri bir qədər fərqli istiqamətə yönəltmiş oldu. Köçəryan israrla səs yazısının süni intellektin məhsulu olduğunu iddia etsə də, Paşinyan bunun həqiqət olduğunu söyləyir. Həmin səsli mesajda revanşistlərin təmsilçisi Putinə “məni meydanlara siz gətirdiniz, indi də meydanlardan qələbə ilə çıxarın” - kimi fikirlər ifadə edilir. Bu isə kənar ölkənin Ermənistanda seçkilərə qarışmasına çağırış kimi dəyərləndirilir. Amma bugünkü sorğular onu deməyə əsas verir ki, Paşinyan hələlik seçkini udur.
- Bu seçki Ermənistanda nələri dəyişəcək?
- Paşinyan bu seçkidə qalib gəldikdən sonra Ermənistanda münasibətlər sistemi fərqli olacaq. Artıq o, köhnələrdən xilas olmağın yollarını axtaracaq. Ola bilsin ki, Ermənistanda bu tarixdən sonra çox böyük həbslər və siyasi əməliyyatlar həyata keçirilsin. Hətta bəzilərinin siyasətdən tamamilə silinməsinə də çalışılacaq.

- Amma seçki təbliğatında “Qarabağ” mövzusu yenə də gündəmə gətirilir…
- Bu “mövzu” üzərində qurulan təbliğat Ermənistanda Paşinyanı vurmaq üçün bir metoddur. Ona qarşı olan qüvvələr məhz “Qarabağ” kartından istifadə etməyə çalışırlar. Paşinyan da məhz o yerdən proseslərə girmiş olur. Əslində onun zəifliyi bundadır. O prosesə məhz bu yerdən daxil olmamalı idi.
- Doğru istiqamət nədən ibarət ola bilər?
- Paşinyan erməni cəmiyyətinə üç mesajı versə idi, o daha doğru və daha çox səs qazanardı.
- Bunlar hansılardır?
- İlk növbədə müharibə yoxdur və Ermənistan BMT tərəfindən qəbul edilmiş ərazilərindədir. Eyni zamanda ölkədə korrupsiya və rüşvətxorluq yoxdur, həmçinin "şəffaflıq və demokratik seçkilər var" anlayışı ilə seçkilərə qatılmaq Paşinyan üçün uğurlu ola bilərdi. Sadəcə olaraq, onu məcburi olaraq “Qarabağ” mövzusu istiqamətinə döndərdilər.

- Burada məqsəd nə idi?
- Çünki bu “U” dönüşündə Paşinyanın itirə biləcəyi çox şey var. Nə qədər olmasa belə, uzun on illiklər dövründə erməni cəmiyyətində aparılan təbliğat Qarabağın guya onlara aid olduğu barədə bir yanlış təsəvvür yaradılıb. İnsanlar bu təsəvvürdən hələ çıxmayıblar. İndi də Paşinyanı məhz Rusiyanın ortaya atdığı variant əsasında ora qaytarırlar.
- Paşinyanın komandasının buna münasibəti necə oldu?
- Təəssüf ki, onun komandası bunu anlamaq istəmədi. Onlar da bu tələyə düşdülər. Beləliklə bütün seçki təbliğatı dönəmində “Qarabağın” üzərində özünümüdafiə və yaxud da özünü qorumaq instinktindən çıxış edən şüarlardan danışdılar. Əslində sabit, stabil, təhlükəsiz Ermənistan mesajları seçici üçün daha maraqlı idi.