Tədqiqatçıların məlumatına görə, gündəlik rejimin sabitliyi orqanizmin daha yavaş qocalması ilə əlaqələndirilir.
HİT.az xəbər verir ki, raşdırma “JAMA Network Open” jurnalında dərc olunub.
İnsanın xronoloji yaşı ilə yanaşı bioloji yaşı da mövcuddur — bu, orqanizmin nə qədər sürətlə “köhnəldiyini” göstərən göstəricidir. Bioloji yaş epigenetik saatlar vasitəsilə ölçülür; bu sistem DNT-də yaşlanma ilə bağlı kimyəvi dəyişiklikləri analiz edir.
Tədqiqatda 207 yaşlı insan iştirak edib. Alimlər bir həftə ərzində onların fiziki aktivliyini, yuxu rejimini və işıq təsirini izləyərək gündəlik ritmin sabitliyini, aktivlik və istirahət dövrlərini və bu keçidlərin tezliyini qiymətləndiriblər. Daha sonra bu məlumatlar dörd fərqli epigenetik yaş modelinə uyğunlaşdırılıb.
Nəticələr göstərib ki, daha sabit və proqnozlaşdırıla bilən gündəlik rejimi olan insanlar bioloji olaraq daha yavaş qocalır. Əksinə, qeyri-sabit və parçalanmış gündəlik ritmə sahib şəxslərdə sürətlənmiş yaşlanma əlamətləri müşahidə olunub.
Tədqiqat müəlliflərindən Adam Spira bildirib ki, istirahət və aktivlik ritmləri fizioloji yaşlanma sürətinin mühüm göstəricisi ola bilər.
Əlaqənin xüsusilə qadınlarda və Avropa mənşəli iştirakçılarda daha güclü olduğu qeyd edilib. Təhlil zamanı yaş, təhsil səviyyəsi və xəstəliklər kimi amillər də nəzərə alınıb.
Alimlər vurğulayırlar ki, bu tədqiqat müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini dəqiq müəyyən etmək üçün uzunmüddətli araşdırmalara ehtiyac var: yəni ya nizamsız rejim yaşlanmanı sürətləndirir, ya da yaşlanma özü rejimi pozur.
Bununla belə, nəticələr əvvəlki araşdırmalarla uyğun gəlir — sirkadiyan ritmlərin pozulması iltihab prosesləri və beyin həcminin azalması ilə əlaqələndirilmişdi.
Mütəxəssislər gələcəkdə sabit yuxu və aktivlik rejiminin həqiqətən yaşlanmanı ləngidib-ləngitmədiyini müəyyən etmək üçün daha geniş və uzunmüddətli tədqiqatların lazım olduğunu bildirirlər.
Samir