AZ

Media: Almaniyanın kimya sənayesi çökmə riski ilə üzləşib

Media: Almaniyanın kimya sənayesi çökmə riski ilə üzləşib

Almaniyanın kimya sənayesi uzun illərdir davam edən problemlər, enerji böhranı və Asiya ölkələri tərəfindən artan rəqabət səbəbindən nəzarətdən çıxan çökmə təhlükəsi ilə üzləşib.

AFN.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məqalədə qeyd olunur ki, sənayedə geriləmə artıq yeni mərhələyə qədəm qoyub və iri sənaye parklarında istehsalın konsolidasiyası xaotik dağılma prosesinə çevrilə bilər. Bildirilir ki, bu vəziyyət hətta gələcəkdə gəlir əldə etmək potensialı olan sahələri də zəiflədə bilər.

Agentliyin məlumatına görə, şirkət rəhbərləri, investorlar və həmkarlar ittifaqı nümayəndələri artıq başlayan zavod bağlanmaları, müəssisələrin bölünməsi və restrukturizasiya proseslərinin sənayeni gələcək inkişafını maliyyələşdirmək üçün həddindən artıq zəif vəziyyətə sala biləcəyindən narahatdırlar.

Bloomberg yazır ki, Almaniyanın kimya sektoru uzun müddət davam edən zəif tələbat, artan xərclər və qlobal istehsal güclərinin həddindən artıq çoxluğu səbəbindən maliyyə imkanlarını böyük ölçüdə itirib. Nəticədə alman şirkətləri innovasiyaların tətbiqi və istehsalın modernləşdirilməsi üçün maliyyə tapmaqda çətinlik çəkir. Qeyd olunub ki, Çin şirkətləri daha aşağı xərclərlə yeni zavodlar açaraq istehsalı genişləndirirlər.

Almaniyanın kimya sənayesi həmkarlar ittifaqının rəhbəri Mixael Vasiliadis bildirib ki, iri müəssisələrdə istehsalın yüksək səviyyədə cəmləşməsi sektoru daha riskli vəziyyətə salır. Onun sözlərinə görə, ayrı-ayrı zavodların bağlanması tədarük zəncirində zəncirvari reaksiyaya səbəb ola və nəticədə böyük istehsal itkiləri yarada bilər.

Bundan əvvəl, mayın 18-də Handelsblatt qəzeti Almaniyanın avtomobil sənayesinin Avropa İttifaqının sanksiya siyasəti səbəbindən mikroçip tədarükü ilə bağlı yeni çətinliklərlə üzləşdiyini yazmışdı. Məlumata görə, Aİ Çin istehsalçısı olan Yangzhou Yangjie Electronic Technology şirkətinə qarşı sanksiyalar tətbiq edib ki, bu da alternativ təchizat mənbələri axtaran şirkətlər üçün vəziyyəti daha da çətinləşdirir.

Seçilən
22
afn.az

1Mənbələr