JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonun Parağa kəndində sakinlərlə səyyar qəbul keçirib. Vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə keçirilən görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar çərçivəsində genişmiqyaslı quruculuq işləri aparılır, kənd və şəhərlərdə müasir infrastruktur layihələri icra olunur. Ordubad rayonunda da şəhər və kənddaxili yol infrastrukturunun bərpası və yenidən qurulması, meliorasiya və su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi, məşğulluq imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Görüşdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” haqqında Sərəncamının əhəmiyyətindən bəhs olunub.

Bildirilib ki, müvafiq Sərəncamla rayonun yaşayış məntəqələrində içməli və suvarma suyu təminatı daha da yaxşılaşdırılacaq. Eyni zamanda Ordubad rayonunun zəngin tarix-mədəniyyət irsinin qorunmasının dövlətin xüsusi diqqət mərkəzində olduğu vurğulanıb. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, eləcə də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun və Ordubad şəhərinin ICESCO-nun ilkin siyahılarına daxil edilməsi bölgənin turizm imkanlarının genişlənməsinə mühüm töhfə verir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması, onların öz doğma torpaqlarına qayıdışı ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verilib. Bu istiqamətdə qəbul edilmiş strateji sənədlər, həyata keçirilən kompleks tədbirlər və beynəlxalq hüquq normalarına əsaslanan yanaşmalar Qərbi azərbaycanlıların haqlarının ədalətli şəkildə bərpasına xidmət edir.

Daha sonra sakinlərin məşğulluq, kənddaxili arxların təmizlənməsi, heyvandarlığın inkişafı, vətəndaşa məxsus həyətyanı sahədə tikinti aparılması, musiqi təhsilinin inkişaf etdirilməsi və digər məsələlər ilə bağlı müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli müəyyən vaxt tələb edən müraciətlərin araşdırılması və qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX