AZ

Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri - TƏHLİL

Oruc Quliyev,
AMEA Mərkəzi Elmi Kitabxanasında Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru

Radikalizmə qarşı mübarizə müasir cəmiyyətlər üçün yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda sosial sabitliyin və mədəni davamlılığın əsas şərtidir. Bu fenomenin yaranma səbəbləri adətən tək bir amillə izah olunmur, əksinə, sosial boşluqlar, maarifləndirmə çatışmazlığı, ideoloji təsirlər və qloballaşmanın yaratdığı sürətli dəyişikliklər bir araya gələrək müəyyən risk mühitini formalaşdırır. Lakin bu risklərin qarşısını almağın ən dayanıqlı yolu cəza və ya inzibati tədbirlərdən çox, cəmiyyətin mədəni immunitetinin gücləndirilməsidir.

Azərbaycan bu baxımdan xüsusi bir model kimi diqqət çəkir. Ölkənin tarixi formalaşma prosesi müxtəlif etnik və dini qrupların birgəyaşayış təcrübəsinə əsaslandığı üçün burada multikulturalizm sadəcə ideya deyil, real sosial praktika kimi inkişaf edib. Bu mühit fərqli dünyagörüşlərinin qarşıdurma yox, dialoq müstəvisində mövcud olmasına imkan yaradıb.

Radikal düşüncələrin güclənməsi çox vaxt cəmiyyət daxilində informasiya boşluqları və yanlış interpretasiyalarla əlaqələndirilir. Lakin Azərbaycan cəmiyyətində dini və mədəni müxtəlifliyin uzunmüddətli tarixi təcrübəsi göstərir ki, fərqli inanc və baxışların paralel mövcudluğu ekstremist yanaşmaların təsirini zəiflədir. Çünki müxtəliflik içində formalaşan cəmiyyətlərdə “tək həqiqət” iddiası ilə çıxış edən ideologiyaların sosial bazası daha məhdud olur.

Multikulturalizm yalnız tolerantlıq şüarı deyil, həm də praktiki sosial mexanizmdir. Təhsil, mədəniyyət və ictimai institutlar vasitəsilə fərqli qrupların bir-birini tanıması, qarşılıqlı anlaşmanın güclənməsi radikal ideologiyaların əsas istinad nöqtəsi olan təcrid olunmuş düşüncə mühitini daraldır. Bu baxımdan məktəblər, universitetlər və ictimai maarifləndirmə proqramları mühüm rol oynayır. İnsanlar fərqli dinləri və mədəniyyətləri elmi və obyektiv şəkildə öyrəndikcə, stereotiplərin və qorxu əsaslı yanaşmaların təsiri azalır.

Digər mühüm amil dövlət və cəmiyyət münasibətlərində dini biliklərin düzgün və balanslı şəkildə təqdim olunmasıdır. Peşəkar dini maarifçilik və elmi yanaşma radikal interpretasiyaların qarşısını alan əsas vasitələrdən biridir. Burada məqsəd dini həyatın məhdudlaşdırılması deyil, əksinə, onun sağlam və mədəni əsaslar üzərində anlaşılmasını təmin etməkdir.

Azərbaycanın multikultural ənənələri bu kontekstdə yalnız daxili sabitlik faktoru deyil, həm də regional miqyasda nümunəvi yanaşma kimi çıxış edir. Fərqli icmaların eyni sosial mühitdə təhlükəsiz və hörmətli şəkildə yaşaması, cəmiyyətin radikal çağırışlara qarşı daha davamlı olmasını təmin edir. Bu model göstərir ki, müxtəliflik təhlükə deyil, əksinə, sabitliyin və inkişafın resursudur.

Radikalizmin qarşısının alınması yalnız təhlükəsizlik orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Əsas dayaq nöqtəsi cəmiyyətin öz daxilində formalaşan mədəni tolerantlıq, təhsil sistemi və multikultural dəyərlərdir. Bu dəyərlər gücləndikcə, radikal ideologiyaların təsir imkanları da təbii şəkildə zəifləyir və daha dayanıqlı sosial harmoniya formalaşır.

Multikultural mühitin möhkəmlənməsi həm də gənclərin daha açıq və tənqidi düşüncə bacarıqları qazanmasına şərait yaradır. Bu isə onları birtərəfli və manipulyativ ideoloji təsirlərdən qoruyan əsas amillərdən biridir. Cəmiyyətdə müxtəlif mədəniyyətlərin tanıdılması sosial empatiyanın güclənməsinə gətirib çıxarır. Empatiya isə radikal ideologiyaların əsas hədəfi olan “biz və onlar” bölgüsünü zəiflədir. Eyni zamanda, media savadlılığının artırılması yanlış məlumatların təsir gücünü azaldır. İnformasiya mənbələrinin düzgün seçilməsi ictimai şüurun sağlam formalaşmasına xidmət edir. Dövlətin həyata keçirdiyi maarifləndirici siyasət bu prosesin sistemli şəkildə aparılmasına imkan verir. Nəticədə cəmiyyət daha dayanıqlı, balanslı və radikal meyllərə qarşı daha müqavimətli bir struktura çevrilir.

Məqalə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Sabitlik adası: tolerant və mulltikultural Azərbaycan” layihəsi çərçivəsində hazırlanmışdır.

Seçilən
30
1
turkustan.az

2Mənbələr