AZ

Si Tsinpin Trampla görüşü zamanı Yaponiyanın silahlanmasını sərt tənqid edib

Çin lideri ABŞ Prezidenti Donald Trampla sammitdə Tokionun müdafiə siyasətinə etirazını emosional şəkildə dilə gətirib...

Çin Xalq Respublikasının sədri Si Tsinpin Pekində ABŞ Prezidenti Donald Tramp ilə keçirilən sammit zamanı Yaponiyanın müdafiə xərclərini artırmasını və ölkənin “yenidən hərbiləşdirilməsi” prosesini sərt tənqid edib.

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, Çin lideri iki günlük görüş zamanı Yaponiya hökumətinin başçısı Sanae Takaçi barədə kəskin fikirlər səsləndirib və Tokionun təhlükəsizlik siyasətindəki dəyişiklikləri “remilitarizasiya” kimi qiymətləndirib. Sammitin gedişi ilə tanış olan şəxslərin sözlərinə görə, Si Tsinpin Yaponiyanın müdafiə sahəsində atdığı addımları emosional və sərt tonda müzakirə edib ki, bu da ABŞ rəsmilərini təəccübləndirib. Bildirilir ki, görüşdən əvvəl bu mövzunun gündəmə gətiriləcəyi gözlənilmirdi.

Mənbələr vurğulayıb ki, Çin liderinin Yaponiyaya yönəlmiş sərt çıxışı sammitin ən gərgin anlarından biri olub. Si Tsinpinin tənqidlərinə cavab olaraq Donald Tramp Tokionun daha qəti təhlükəsizlik siyasəti yürütməsinin əsas səbəblərindən birinin Şimali Koreya tərəfindən artan təhlükə olduğunu bildirib. Bununla yanaşı, Trampın Yaponiyanın təhlükəsizliyi baxımından əsas çağırışlardan biri hesab olunan Çini həmin kontekstdə qeyd edib-etmədiyi məlum deyil.

Ağ Evin keçmiş rəsmisi, ABŞ-Yaponiya münasibətləri üzrə məsul şəxslərdən olmuş Kristofer Conston Financial Times-a açıqlamasında bildirib ki, Si Tsinpinin Yaponiyaya qarşı “kəskin ritorikası” və Donald Trampla sabit ABŞ-Çin münasibətləri qurmaq istəyindən istifadə etməyə çalışması Tokionun təhlükəsizlik sahəsində özünütəminata can atmasını daha da gücləndirir.

Constonun sözlərinə görə, Si Tsinpinin davranışı paradoksal təsir yaradır, çünki məhz Pekinin addımları daha güclü və hərbi baxımdan daha hazırlıqlı Yaponiyanın formalaşmasını sürətləndirir. O qeyd edib ki, Çinin anti-Yaponiya ritorikası ölkə xaricində ciddi dəstək qazanmır və Tokio region ölkələri ilə təhlükəsizlik əməkdaşlığını genişləndirir. Bu kontekstdə Yaponiya xüsusilə Avstraliya, Filippin və Cənubi Koreya ilə əlaqələri gücləndirir. Mənbələr bildirir ki, bu ölkələr Yaponiyanın yenidən silahlanmasından daha çox Çinin aqressiv siyasətindən narahatdır.

Qeyd olunur ki, Pekinlə Tokio arasında münasibətlər ötən ilin noyabrından etibarən daha da gərginləşib. Buna səbəb Sanae Takaçinin Çinin Tayvana mümkün hücumunun Yaponiya üçün “ekzistensial təhlükə” yarada biləcəyinə dair bəyanatı olub. Çin həmin açıqlamaya sərt reaksiya verib.

Bundan başqa, Tokio ABŞ-Yaponiya müttəfiqliyinin gələcəyi ilə bağlı da müəyyən narahatlıqlar yaşayır. Bildirilir ki, Donald Tramp administrasiyasının tarif siyasəti və ABŞ-nin Çin qarşısında hərbi çəkindirmə imkanlarının İranla müharibə səbəbindən zəifləyə biləcəyi ilə bağlı ehtimallar Yaponiyada narahatlıq doğurur.

Məlumatda həmçinin qeyd olunub ki, ABŞ tərəfi Tokionu 2024-cü ildə Çin təhlükəsinə qarşı “əks-zərbə potensialı” kimi sifariş verilmiş 400 ədəd Tomahawk raketinin çatdırılmasında ciddi gecikmələr barədə xəbərdar edib.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr