ABŞ prezidenti Donald Tramp bir çox ərəb və müsəlman liderlərindən İranla müharibəyə son qoymaq üçün razılıq əldə ediləcəyi təqdirdə İsrail ilə normallaşma müqavilələri imzalamağı istəyib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən "Axios" xəbər agentliyi məlumat yayıb. Trampın İsrail və ərəb ölkələri arasında yeni normallaşdırma razılaşmaları əldə etməyi hədəflədiyi mesajı, İran müharibəsindən bəri Yaxın Şərqdə atmağı planlaşdırdığı ən böyük diplomatik addım kimi qəbul edilir.
Trampın əsas məqsədinin Səudiyyə Ərəbistanı ilə İsrail arasında tarixi normallaşma razılaşması olduğu vurğulanır. Lakin bölgədəki mövcud siyasi atmosfer və qarşıdan gələn İsrail seçkiləri səbəbindən qısa müddətdə irəliləyiş əldə etməyin olduqca çətin olacağı bildirilir.
Xəbərə görə, Tramp şənbə günü Səudiyyə Ərəbistanı , Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə İranla davam edən proseslə bağlı telefon danışığı aparıb.
ABŞ rəsmilərinin sözlərinə görə, İran müharibəsinə daha sərt yanaşma tərzinə malik liderlərdən biri hesab edilən BƏƏ prezidenti Məhəmməd bin Zayed də daxil olmaqla bir çox lider bu prosesi dəstəkləyib.