AZ

SpaceX-in az tanınan rəqibinin səhmləri necə 6000% bahalaşdı?

AST SpaceMobile az tanınan, eyni zamanda “mem səhmi”nə çevrilmiş nadir şirkətlərdən biridir. Onun ətrafında fanatik tərəfdarlardan ibarət bir qrup formalaşıb və bu qrup hər enişdə səhmləri alaraq bir neçə il davam edən rallini təmin edə bilib. Nəticədə bu şirkətin səhminin qiyməti təxminən 6000% bahalaşıb. Bloomberg kiçik internet icmasının az tanınan bir şirkəti dünyanın ən bahalı müəssisələrindən birinə necə çevirdiyini izah edir.

Emosiyaların alovlandırılması

AST-nin 50 min nəfərlik tərəfdar qrupu rasional investorlar birliyindən daha çox ekstaz halında olan fanatik kütləni xatırladır. Onlar özlərini SpaceMob adlandırırlar. Bu icmanın Kook nikli, sanki “ali kahin” rolunu oynayan bir üzvü var. O, mütəmadi olaraq X sosial şəbəkəsində AST-nin güclü pul axını yaradan şirkətə çevrilməsinin artıq yaxın olduğunu təbliğ edir.

SpaceMob bir neçə il ərzində AST səhmlərinin bir neçə dollardan pik dövrdə təxminən 130 dollara qədər bahalaşmasına nail olub. Şirkətin bazar dəyəri isə 40 milyard dolları ötərək S&P 500 indeksində yer alan xeyli şirkətin kapitallaşmasını geridə qoyub. Halbuki AST-nin 2025-ci il üzrə gəliri cəmi 71 milyon dollar təşkil edib.

Belə göstəricilər fonunda kotirovkaların kəskin enişi qaçılmazdır. SpaceMob-un isə bu hallar üçün xüsusi, absurd bir ritualı var. Kook Kaliforniyada yerli sakinlərin Cardiff Kook adlandırdığı sörfçü heykəlinin arxa hissəsinin süni intellektlə yaradılmış təsvirini paylaşır. Bu siqnaldan sonra SpaceMob bazarı alış sifarişləri ilə doldurur. Bu yolla AST səhmləri artıq iki dəfə 30-40%-lik çöküşü dəf edib və hazırda tədricən üçüncü enişdən çıxır. Şirkətin səhmləri yanvar maksimumlarından cəmi 7-8% ucuzdur.

Sadəcə “mem səhmi” deyil

AST səhmləri eyni anda həm “mem səhmləri”nə bənzəyir, həm də onlardan fərqlənir. GameStop və bu kateqoriyanın ilk dalğasına daxil olan digər şirkətlər problemli emitentlər idi və onların ətrafında pərakəndə investorlar icması formalaşmışdı. Bu investorlar Uoll-stritin iri hedc fondlarına qarşı çıxaraq səhmlərin qiymətini süni şəkildə artırmaq, eyni zamanda şort-skvisdən qazanc əldə etmək istəyirdilər.

AST isə bu şirkətlərdən fərqli olaraq dayanıqlı biznesə, peykdən birbaşa mobil telefona məlumat ötürməyə imkan verən unikal texnologiyaya, genişlənmə üzrə böyük planlara və AT&T, Verizon, Vodafone kimi telekommunikasiya şirkətləri ilə razılaşmalara malikdir. AST-nin iri səhmdarları arasında təxminən 3%-lik payla Alphabet də var.

Bununla belə, AST-nin problemləri də az deyil. İlk növbədə rəqabət məsələsi var: şirkət minlərlə peyki olan SpaceX-lə və bu yaxınlarda Globalstar peyk şirkətini almaq niyyətini açıqlayan Amazon-la rəqabət aparır. AST-nin kommersiya rabitə xidmətini işə salması üçün orbitə daha 45 peyk çıxarması lazımdır. Apreldə bunu Blue Origin raketi vasitəsilə həyata keçirmək cəhdi isə uğursuz olub.

Lotereya qalibləri

SpaceMob-un əsas nüvəsi təxminən 10 il əvvəl yaradılmış AST-nin 2021-ci ildə SPAC ilə birləşmə yolu ilə birjaya çıxmasından qısa müddət sonra formalaşıb. Şirkətin perspektivlərini birlikdə araşdırmaq üçün Discord-da tanış olan dörd nəfərdən yalnız biri anonim deyildi — Arizonadan olan, hazırda vəfat etmiş proqramçı Stiv Larrison. Digərləri isə yalnız nikləri ilə tanınır: CatSE, Anpanman və Kook.

Onlar AST-nin texnologiyalarını, biznes modelini və maliyyə perspektivlərini öyrənməyə yüzlərlə saat sərf ediblər. Daha sonra isə nəticələrini X və Reddit-də dərc etməyə başlayaraq ətrafdakıları AST-nin növbəti Nvidia və ya Google ola biləcəyinə inandırmağa çalışıblar.

SpaceMob istehzaya baxmayaraq genişlənməyə başlayıb və tədricən AST-ni araşdırmağı bir növ aludəçiliyə çevirib. İcma üzvləri şirkətin ofisinin qarşısındakı avtomobillərin sayını izləyir, orbitdəki peykləri müşahidə edir və tənzimləyici orqanlara təqdim olunan sənədləri tapmaq üçün proqram təminatı yaradırdılar.

İllər əvvəl bütün yığımlarını riskə ataraq SpaceMob-a qoşulan bəzi insanlar milyonlarla dollar qazana biliblər. Onlar dayanmaq niyyətində deyillər: Bloomberg-in həmsöhbətlərindən biri səhmlərin 250 dollara çatacağını gözləyir. Bu, indiki qiymətdən 2,5 dəfə bahadır.

Peşəkar analitiklər isə buna inanmırlar. Konsensus-proqnoz bir il ərzində kotirovkaların təxminən 13% azalacağını nəzərdə tutur. Bununla belə, fikirlər arasında fərq böyükdür: proqnozlar səhmlərin iki dəfə ucuzlaşmasından tutmuş dörddəbir qədər bahalaşmasına qədər dəyişir.

Seçilən
64
banker.az

1Mənbələr