AZ

Konqoda 900-dən çox ehtimal olunan Ebola yoluxması qeydə alınıb

ÜST rəhbəri ölkədə epidemioloji nəzarətin genişləndirildiyini və 101 yoluxma faktının təsdiqləndiyini açıqlayıb...

Poliqon xəbər verir ki, Konqo Demokratik Respublikası ərazisində Ebola qızdırmasının yayılması ilə bağlı 900-dən çox ehtimal olunan yoluxma halı aşkar edilib. Onlardan 101 nəfərdə infeksiyanın laborator şəkildə təsdiqləndiyi bildirilib.

Bu barədə Tedros Adhanom Ghebreyesus sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, ölkədə Ebola epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində epidemioloji nəzarətin miqyası genişləndirilib.

ÜST rəhbərinin sözlərinə görə, səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün monitorinq, yoluxmuş şəxslərin təcrid olunması və təmasda olmuş insanların izlənməsi istiqamətində fəaliyyətlərini gücləndiriblər.

Ebola yüksək ölüm göstəricisi ilə xarakterizə olunan təhlükəli virus infeksiyası hesab olunur. Xəstəlik əsasən yoluxmuş insan və ya heyvanlarla təmas nəticəsində yayılır və ağır qızdırma, daxili qanaxma, orqan çatışmazlığı kimi simptomlarla müşahidə olunur.

Hazırda Konqoda vəziyyətin nəzarət altına alınması üçün beynəlxalq səhiyyə təşkilatları və yerli hakimiyyət orqanları birgə tədbirlər həyata keçirirlər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr